CNN-də "İslam Dövlətinin Ağlagəlməyən Xaç Atası" adlı yazısının xülasəsini təqdim edirik:
Dünyanın ən qorxulu terrorçu qrupu olan İŞİD-in qısa tarixi bəlkə də məktəbi atmış, həbsxanada qanqsterlərin lideri olan bir şəxslə bağlıdır.
Onun adı Əbu Musab Əl-Zərqavidir.
Onun planı bacardığı qədər həyata onun kimi yanaşmayan çox sayda insanı öldürmək və Yaxın Şərq və İslam dünyasının üzünü dəyişmək idi.Mayk Flinn
ABŞ Müdafiə nazirliyinin nəzdində Kəşfiyyat agentliyinin keçmiş direktoru general-leytenant Mayk Flinn Zərqavinin Hitlerə bənzədiyini və "inanılmaz dərəcədə qəddar" olduğunu deyir.
"O, planı olan bir diktator idi," deyə Flinn bildirib. "Onun planı bacardığı qədər həyata onun kimi yanaşmayan çox sayda insanı öldürmək və Yaxın Şərq və İslam dünyasının üzünü dəyişmək idi."
Zərqavinin ölümündən sonrakı 10 il ərzində İŞİD Suriyanın şimalından İraqın mərkəzinə kimi böyük bir ərazini ələ keçirmək üçün lazımı dəstək və silah toplaya bilib.
Qrup digər ölkələrdə də bəzi ərazilərə nəzarət edir və Avropa və Yaxın Şərqdə yüzlərlə insanın ölümünə səbəb olan hücumlar həyata keçirib.
Bunların hamısı Zərqavidən başlayıb. O, adını 1966-cı ildə anadan olduğu İordaniyadakı Zarqa şəhərindən götürüb.
Bir neçə bioqrafın dediyinə görə, Zərqavi məktəbi atıb və daha sonra qaçaqçı, qatil və quldur kimi ad qazanıb.
O, 23 yaşında Əfqanıstana gedib, amma daha sonra İordaniyaya geri qayıdıb və 1993-cü ildə orada hakimiyyəti devirmək və qanunsuz silaha sahib olmaq ittihamları ilə həbs edilib.
Həbs həyatı Zərqavini bir az da dəyişib.
Orada o, Quranı öyrənib və xarizmasından istifadə edərək digər məhbusları islamçı cihada cəlb edib.
1999-cu ildə amnistiyaya düşən Zərqavi Əfqanıstana dönüb və orada Usama Bin Ladenlə görüşmək fürsəti əldə edib. Bu iki terrorçunun bir-birinə nifrət etdiyi deyilir.
2003-cü ildə artıq İraqda fəaliyyətini davam etdirən Zərqavi İraq və ABŞ hədəflərinə qarşı üç il davam edən amansız hücum kampaniyası aparıb və başçılıq etdiyi qrupu İraqdakı Əl-Qaidə adlandırıb.
Zərqavi 2006-ci ildə ABŞ-ın hava hücumu nəticəsində qətlə yetirilib.
Onun ölümündən sonra İŞİD-i yaradan terrorçular isə Zərqavinin başlatdığı işi davam etdirib.
Zərqavinin rüsvayçılığını İŞİD-ə bağlayan beş iddia:
Zərqavi sünni və şiələr arasında vətəndaş müharibəsi yaratmağa çalışırdı.general Stenli Makkristal
1. O, İŞİD-in "atası" kimi tanınır
Flinn Zərqavinin İslam Dövləti yaratmaq arzusunu həyata keçirə bildiyini bildirib. "Mən indi bizim üzləşdiyimiz mənzərəyə baxanda gözümün önündə döyüş meydanında yenidən Zərqavi canlanır. Zərqavi İslam Dövlətinin atasıdır."
"Zərqavi kiçik terror təşkilatından fərqli böyük nəsə yaratdı," deyə İraq müharibəsinin yüksək rütbəli komandiri, ABŞ ordu generalı Stenli Makkristal bildirir.
Makkristalın dediyinə görə, ən önəmlisi isə odur ki, Zərqavi insanları İslam Dövlətinin mümkün olduğuna inandıra bilib.
2. Zərqavi Bin Ladendən daha ifrat taktikalar işlədib
11 sentyabr hücumlarını təşkil edən Bin Laden Zərqavinin digər müsəlmanları hədəf almaq taktikası ilə razılaşmırdı. "Zərqavi sünni və şiələr arasında vətəndaş müharibəsi yaratmağa çalışırdı," deyə Makkristal bildirir. İki fraksiya arasında münaqişə isə ABŞ-ın başçılıq etdiyi koalisiya üçün problemlər yaratdı.
Bu gün İŞİD eyni taktilardan istifadə edərək, İslamı onlar kimi qəbul etməyən müsəlmanları hədəf alır.
3. Zərqavi demək olar təkbaşına İraq müharibəsinin gedişatını dəyişdi
"O bir anda bizə göstərdi ki, biz İraqda müharibəni uduza bilərik," deyə Makkristal bildirir.
2004-cü ildə Fəllucədə ABŞ generalları müharibədə döyüşənlərin Səddam Hüseynin keçmiş əsgərlərindən Zərqaviyə sadiq qüvvələrin üzvlərinə çevrildiyinin şahidi oldu.
Fəllucədə ilk döyüş ABŞ-ın dörd podratçısının dəhşətli qətlinə cavab olaraq başladı. Daha sonra bu döyüş hərbi blokadaya çevrildi.
2014-cü ildə isə Fəllucə İŞİD-in ələ keçirdiyi ilk İraq şəhəri oldu. Qrup Fəllucədən Bağdada intiharçı bomba hücumçuları göndərib.
O bir anda bizə göstərdi ki, biz İraqda müharibəni uduza bilərik.general Stenli Makkristal
Bu yay isə yenidən şəhərin nəzarətini ələ almaq uğrunda İraq ordusu və İŞİD arasında döyüşlər başladı.
4. İŞİD kimi Zərqavi də əsirlərin başını kəsib internetdə videolarını paylaşırdı
Zərqavi insan qaçırıb, baş kəsərək daha sonra bunları internetdə paylaşmaqla bütün dünyanı şoka salmışdı.
Bu, ilk dəfə may ayında amerikalı Nikolas Berqin qaçırılıb öldürülməsi ilə başladı.
Daha sonra IŞİD, xüsusilə də qrupun Cihadhçı Con kimi tanınan üzvü bu qəddar əməllərdən istifadə etməyə başladı. Cihadçı Con ötən yanvar ayında İŞİD-in Suriyada de-fakto paytaxtı olan Rəqqa şəhərində həyata keçirilən hava hücumları zamanı öldürülüb.
5. ABŞ Zərqavini bütün dünyaya tanıtdırdı
Zərqavi 2003-cü ildən əvvəl çox tanınmırdı. Ancaq dövlət katibi Kolin Pauell fevral ayında BMT-də çıxışı zamanı ABŞ-ın başçılıq etdiyi hərbi müdaxiləyə dəstək qazanmağa çalışaraq, bir neçə dəfə Zərqavinin Usama Bin Laden və Səddam Hüseyn rejimi arasında əsas əlaqələndirici olduğunu dedi.
Bu çıxışdan bir ay sonra ABŞ-ın İraqa hərbi müdaxiləsi baş verdi.
O vaxtdan bəri isə Zərqavi-Səddam bağlantısı sual altına alınıb.
Mərkəzi Kəşfiyyat Agentliyinin əməliyyatlar zabiti Sem Faddis deyib ki, "Zərqavinin Bağdadda olub, Səddam Hüseynə işlədiyi və ya onunla bir bağlantısı olduğuna dair heç bir dəlil aşkar olunmayıb."
Görəsən Zərqavi bu qədər şöhrət qazanmasa idi İraq müharibəsinin nəticələri fərqli olardımı? İŞİD heç yaranardımı?
Bu suallara cavab tapmaq indi çox çətindir.