Con Kerri: İŞİD-in törətdiyi vəhşiliklər soyqırımdır

ABŞ Dövlət Katibi Con Kerri İslam Dövləti qrupunun İraq və Suriyada törətdiyi vəhşiliklərin "soyqırım" olduğunu təsdiq edib.

Bu gün mənim burada çıxış etməyimin səbəbi İŞİD-in yezidilər, xristianlar və şiə müsəlmanları daxil olmaqla nəzarəti altında olan qruplara qarşı soyqırıma görə məsuliyyət daşıdığını təsdiqləməkdir.

“Bu gün mənim burada çıxış etməyimin səbəbi İŞİD-in yezidi kürdləri, xristianlar və şiə müsəlmanları daxil olmaqla nəzarəti altında olan qruplara qarşı soyqırıma görə məsuliyyət daşıdığını təsdiqləməkdir,” deyə Kerri cümə axşamı bildirib.

“İŞİD yürütdüyü ideologiya və xəlifəlik elan edərək dedikləri sözlər və gördüyü əməllərlə soyqırım törədir. İŞİD həmçinin insanlığa qarşı cinayətlər törətməkdə və dini-etnik azlıqlara qarşı fiziki təmizləmə siyasəti yürütməkdə məsuliyyət daşıyır. Bu qruplara bəzi sünni müsəlmanlar, kürdlər və digər azlıqlar da daxildir.”

Kerrinin bəyanatı Konqresin Obama administrasiyasına İslam Dövlətinin törətdiyi vəhşiliklər barədə bir qərar verməsi üçün təyin etdiyi möhlətin bitdiyi vaxta təsadüf edir. Bundan bir gün öncə isə Kerri bu qərarın daha uzun

müddət ala biləcəyi barədə xəbərdarlıq etmişdi.

Soyqırım bəyanatı o deməkdir ki, Birləşmiş Ştatlar ABŞ-dakı hər hansı bir İslam Dövləti üzvünü cinayət məsuliyyətinə cəlb edə biləcək. Lakin bu, ABŞ hərbi təyyarələrinin aylardır İŞİD mövqelərini hədəf aldığı Suriya və İraqda terror qrupuna qarşı hər hansı bir öhdəliyinin olduğunu göstərmir. Beynəlxalq hüquq və soyqırım üzrə ekspertlər ABŞ-ın bu məsələni BMT Təhlükəsizlik Şurası və insan haqları qurumları qarşısında qaldıra biləcəyini deyir. Daha sonra isə bu qurumlar Beynəlxalq Cinayət Məhkəməsini ekstermist qrupunun üzvlərinə qarşı ititham irəli sürməyə çağıra bilər.