İsaak qasırğası Yeni Orleana leysan yağışlar gətirib

ABŞ prezidenti Barak Obama Luiziana və Mississippi ştatlarında fövqəladə vəziyyət elan edib
İsaak qasırğası ABŞ-ın körfəz sahillərini güclü yağışa və şiddətli küləyə məruz qoyaraq tədricən sahilə doğru yön alaraq yeddi il əvvəl eyni gündə Katrina fırtınası tərəfindən dağıdılan Yeni Orlean şəhərinə tərəf irəliləyir.

ABŞ Milli Qasırğa Mərkəzi bildirir ki, qasırğanın mərkəzi cümə axşamı ərzində Luiziana ştatında olacaq, cümə günü səhər saatlarında isə Arkanzas ştatına çatacaq.

Hidrometeroloqlar bildirib ki, qasırğa sahil əraziləri təhlükəli dalğalara və daşqın gətirən yağışlara məruz qoyaraq küləyin sürətini saatda 130 kilometrə çatdırıb.

Yeni Orlean şəhəri Plaqumines bələdiyyəsinin fövqəladə hallar təşkilatının əməkdaşları bildiriblər ki, qasırğa ərazidəki bəndləri aşaraq Meksika körfəzinin suyunu quru ərazilərə doğru vurur, bu isə “əhəmiyyətli dərəcədə daşqınlara səbəb olur.”

Bəzi ərazilərdə yağıntının ümumi həcmi 50 santimetr təşkil edərək, Luiziana və Mississippidə fırtınalı dalğaların hündürlüyünü dörd metrə qədər yüksəldə bilər.

Mississippi ştatının qubernatoru Filip Brayan sakinlərə xəbərdarlıq edərək fırtınanın həyat üçün təhlükə doğurduğunu bildirib.

ABŞ prezidenti Barak Obama Luiziana və Mississippi ştatlarında fövqəladə vəziyyət elan edərək hər iki stat üçün federal büdcənin yardım imkanlarından və digər yardımlardan yararlanmağı təmin edib.