Azad LGBT-nin rəhbərinin dəfnində insident

İsa Şahmarlı (Foto İsa Şahmarlının facebook səhifəsindən götürülüb)

Müxbirə qarşı kobudluq edilib, kamera sındırılıb
Yanvarın 23-də “Azad LGBT” (Lezbiyan, Gey, Biseksual və Transseksual) təşkilatının sədri İsa Şahmarlının dəfni zamanı insident baş verib. Təşkilatın üzvü Cavid Abdullayev Amerikanın Səsinə bildirib ki, gənc fəalın yaxın qohumları dəfndə jurnalistlərin çəkiliş aparmasına, ümumiyyətlə, qəbiristanlığa girməsinə imkan verməyiblər.

Eyni zamanda ANS telekanalının hadisə yerində olan əməkdaşına təzyiqlərin olduğu və kamerasının sındırıldığı bildirilir.

“Bizi qəbirstanlığa yaxın ərazidə bir qrup insan saxladı. Onların içində cavan və yaşlı kişilər də vardı. Biri özünü İsa Şahmarlının əmisi oğlu kimi təqdim etdi. Onlar bizə imkan vermədilər ki, dəfni çəkək. Bildirdilər ki, bir neçə dəqiqə bundan əvvəl İsanın bir neçə dostu da dəfn mərasimində iştirak etmək istəyib. Lakin onları da ordan qovublar”, - deyə ANS televiziyasının kobudluğa məruz qalan əməkdaşı Gülnar Orucova ANSPRESS agentliyinə bildirib.

Agentlik bildirir ki, ANS-in əməkdaşları İsa Şahmarlının evindən çəkiliş aparmaq istəyiblər. Lakin orada da buna imkan verməyiblər. “Çadırın qarşısında yaşlı bir kişi bizi içəri buraxmadı. Üstəlik operatorumun üstünə cumdu. Əlindəki kameranı sındırdı. Deyilənlərə görə, həmin şəxs İsanın atasıdır”, - deyə Gülnar Orucova bildirib.

“Azad LGTB” təşkilatının sədri, 20 yaşlı İsa Şahmarlı yanvarın 22-də intihar edib. Təşkilatdan Amerikanın Səsinə verilən məlumata görə, intiharın səbəbi bəlli deyil, lakin dostları İsa Şahmarlının ailəsi ilə problemlərinin olduğunu deyirlər.