İsa Qəmbər: Konstitusiyaya dəyişikliklər Azərbaycanın nüfuzuna zərbə olacaq [Audio-Müsahibə]

Avropa Şurası Venesiya Komissiyası (VK) sentyabrın 26-da Azərbaycanda keçiriləcək referendumla bağlı ilkin rəyini açıqlayıb. Komissiya referendum aktını tənqid edib. Amerikanın Səsinə danışan Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər komissiyasnın rəyini müsbət qarşılasa da onun gecikmiş olduğunu vurğulayıb.

Your browser doesn’t support HTML5

İsa Qəmbər: Konstitusiyaya dəyişikliklər Azərbaycanın nüfuzuna zərbə olacaq

"Rəy prinsip ehtimalı ilə normal bir sənəddir," deyə İsa Qəmbər bildirib. O, əsas məqamlara münasibət bildirildiyini desə də, VK-nın nəyə görə belə ləng hərəkət etməsini sual edib.

“İyun ayının 22-si təkliflər ortaya çıxmışdı və bir neçə gün sonra məlum oldu ki, Konstitusiya Məhkəməsi bunu təsdiq edib. Yalnız bir ay sonra Avropa Şurasındakı strukturlar Venesiya Komissiyasına müraciət edir, referenduma bir həftə qalmış bir müddətdə bu rəy ortaya çıxır… Əlbəttə, Əliyev rejimi yay mövsümündə insanlar və beynəlxalq təşkilatların tətil dönəmini nəzərə almışdı. Hətta tətil dönəmində də beynəlxalq təşkilatlar öz prinsiplərinə hörmətlə yanaşmalıdır… Bu baxımdan bu, ləngimiş bir rəydir,” İsa Qəmbər bildirib.

VK-nın rəyinin referendumla bağlı situasiyaya təsirindən danışarkən İsa Qəmbər deyib ki, Azərbaycanda xalq qarşısında, üzvü olduğu beynəlxalq təşkilatlar qarşısında hesabat verən bir hakimiyyət olsa idi təbii ki, bu referendum prosedurları dayandırılmalı idi.

Azərbaycanda avtoritar rejim nəyin bahasına olursa-olsun ailə hakimiyyətini möhkəmləndirmək fikrindədir

“Ya bütövlüklə ləğv olunmalı, ya da ciddi dəyişiklər edilməli idi. Amma Azərbaycanda avtoritar rejim nəyin bahasına olursa-olsun, ailə hakimiyyətini möhkəmləndirmək fikrindədir. Bu baxımdan yalnız VK-nın rəyi ilə referendumun ləğv ediləcəyini düşünmək sadəlövhlük olardı,” deyə İsa Qəmbər sözünə davam edib.

Müsavat partiyasının mitinqi

Müxalifətin son zamanlar keçirdiyi aksiyalar, mitinqlər və çağırışlarının referenduma təsirinə gəlincə isə Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri prosesin istənilən xətt üzrə getmədiyini deyib.

“Müxalifət sübut etdi ki, Azərbaycanda Əliyev rejiminə qarşı mövqeyi, prinsipləri olan, bu dəyərləri və prinsipləri qorumaq əzmində olan siyasi qüvvələr mövcuddur. Cəmiyyətin önəmli bir hissəsi referendumda irəli sürülən təkliflərin əleyhinədir. Bu mərhələdə bunun referendumun qarşısını almaq üçün yetərli olduğunu düşünmürəm,” deyə İsa Qəmbər bildirib.

Referendumun Azərbaycanın beynəlxalq imicinə təsirinə toxunan müxalifət lideri deyib ki, dəyişikliklər Azərbaycanın bütövlükdə nüfuzuna zərbə olacaq.

“Bu, Əliyev rejiminin dünya miqyasında getdikcə sarsılan nüfuzunun artıq tamamilə sıfıra enməsinə gətirib çıxaracaq… Prezident hakimiyyətini diktator hakimiyyətinə çevirmək, hakimiyyət qolları arasında balansı tamamilə pozmaq və hakimiyyəti bir əldə cəmləşdirmək cəhdləri müasir dünyada qəbul edilən bir istiqamət deyil,” deyə İsa Qəmbər vurğulayıb.

Hakimiyyətin bu dərəcədə biabırçı dəyişikliklər həyata keçirmək istəyi qorxu ilə bağlıdır

Referendumdan sonra ölkədə ictimai-siyasi dəyişikliklərdən danışarkən İsa Qəmbər əlavə edib ki, hakimiyyətin bu dərəcədə biabırçı dəyişikliklər həyata keçirmək istəyi qorxu ilə bağlıdır.

“Hakimiyyət iki məsələdən ciddi şəkildə çəkinir: Xalqın fəallığı və öz daxilindən,” deyə Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər bildirib.