İraq ordusu İslam Dövləti qrupunun yaraqlılarının keçən ilin iyun ayında nəzarətini ələ aldığı Tikrit şəhərinin tam geri alınması prosesini başa çatdırmaq üçün döyüşləri bu gün də davam etdirib.
İraqın Daxili işlər naziri Məhəmməd Səlim Əl-Qabbanın dediyinə görə, hərbi qüvvələr yaraqlıların nəzarətində olan son mövqeləri onlardan geri almağa çalışır.
Baş nazir Heydər Əl-Abadi bir gün əvvəl İraq ordusunu təbrik edərək. bunu tarixi mərhələ adlandırıb. İraq parlamentinin üzvü Əbdül Bari Zebari Amerikanın Səsinə bildirib ki, Tikrit şəhərinin əsas bölgələri artıq ordunun nəzarətindədir.
Pentaqon sözçüsü də çərşənbə axşamı Amerikanın Səsinə Birləşmiş Ştatların başçılıq etdiyi koalisiyanın İraq ordusunun Tikritin mərkəzinə nəzarətin ələ alındığı ilə bağlı xəbəri alqışladığını deyib və əlavə edib ki, şəhərin İslam Dövləti qrupunun nəzarətində olan digər hissələri də geri alınmalıdır.