İraq qüvvələri Tal Afarın böyük hissəsini İŞİD-dən azad edib

İraq qüvvələri İŞİD-in İraqın şimal-şərqində sonuncu istinadgahı olan Tal Afarın əksər hissələrini militantlardan azad edib. Bu haqda İraq hərbi qüvvələri məlumat verib.

Hərbi qüvvələrin bəyanatında deyilir ki, səkkiz gün sürən döyüşlərdən sonra Tal Afar şəhərinin bütün 29 məhəlləsi militant qrupdan geri alınıb.

Bununla belə, şəhərin şimal-şərq hissəsindəki Əl-Ayadiyyə ərazisində döyüşlər davam edir. İraq hərbi qüvvələrinin sözçüsü, briqada generalı Yəhya Rəsulun bildirdiyinə görə, şəhərin mərkəzindən qaçmış militantlar burada gizlənir.

Onun dediyinə görə, İraq qüvvələri tam qələbəni elan etmək üçün ərazinin nəzarətinin geri alınmasını gözləyir.

Tal Afar iyul ayında Mosulun azad edilməsindən sonra ABŞ-ın dəstəyi il cihadçı qrupa qarşı mübarizənin sonuncu hədəfidir. İŞİD İraqın ikinci ən böyük şəhəri olan Mosulu 2014-cü ildə ələ keçirərək, İraq və Suriyada xilafətin paytaxtı elan etmişdi.

Suriya və Mosul arasında əsas təchizat yolunda yerləşən Tal Afarın azad edilməsi əməliyyatı avqustun 20-də başlayıb. İraqın və Qərb ölkələrinin hərbi mənbələrinə əsasən, şəhərdə təxminən iki minə qədər militant var. Tal Afarın azad edilməsi əməliyyatına təxminən 50 minlik əsgəri qüvvənin cəlb edildiyi bildirilir.

İŞİD-in şəhərdə belə sürətlə süquta uğraması İraq hərbi qüvvələrinin cihadçı qrupun Mosuldan qərbdə komanda və nəzarət strukturlarına malik olmadığına dair qiymətləndirməsini təsdiq edir.

Əməliyyatın başlamasından əvvəl Tal Afarı tərk etmiş sakinlər militantların gücünün tükəndiyini bildiriblər.

Şəhəri on minlərlə insanın tərk etdiyi bildirilir. Humanitar yardım işçiləri və şəhəri tərk etmiş insanların sözlərinə görə, Tal Afarda qalan sakinlər militantlar tərəfindən ölümlə hədələnir.

Birləşmiş Ştatların başçılıq etdiyi koalisiya qüvvələri İraq hərbi qüvvələrinə havadan və hərbi əməliyyatlarda dəstəyə 2014-cü ilin avqust ayında İslam Dövləti döyüşçülərinin ölkənin şimal və qərb bölgələrində böyük əraziləri ələ keçirməsindən sonra başlayıb. İyul ayında İraq hərbi qüvvələri ölkənin ikinci ən böyük şəhəri olan Mosulu azad edərək, İŞİD-ə qarşı əməliyyatlarda böyük qələbə əldə edib.

ABŞ-ın 2003-cü ildə İraqa müdaxiləsindən sonra Tal Afar sünnilər və şiələr arasında təriqət zəminində zorakılıqlara səhnə olub. İŞİD-in yüksək rütbəli komandirlərinin çoxu Tal Afar şəhərindəndir.