İraq ordusu Tal Afar şəhərində irəliləyiş əldə edib

İraq ordusu İslam Dövlətinin nəzarətində olan Tal Afar şəhərində bəzi məhəllələrin təhlükəsizliyini təmin etməklə irəliləyiş əldə edib.

6 gün davam edən əməliyyatlar nəticəsində İraqın elit qüvvələri İŞİD-in nəzarətindəki Nida və Talia bölgələrini ələ keçirərək, mərkəzdəki köhnə şəhərə çatıb.

İraqın xüsusi təyinatlı qüvvələrinin briqada generalı Heydər Fazilin bildirdiyinə görə, ABŞ-ın başçılıq etdiyi koalisiya əməliyyatlara havadan dəstək verib. O, döyüşlərin dələ də davam etdiyini bildirib.

Ötən həftə Birləşmiş Ştatların müdafiə naziri Cim Mattis İslam Dövlətinin sonuna günlər qaldığını deyib, lakin o, eyni zamanda xəbərdarlıq edib ki, militant qrupun tam məğlub edilməsi vaxt apara bilər.

Mattis bunu İraq hökumətinin liderləri və Birləşmiş Ştatların komandirləri ilə görüşmək üçün Bağdada əvvəlcədən elan edilməmiş səfərə yola düşməzdən əvvəl müxbirlərlə söhbəti zamanı deyib.

Pentaqon başçısı görüşlər zamanı İraqda vəziyyətin sabitləşdirilməsi strategiyasını müzakirə edəcəyi gözlənilir.

Cim Mattis müxbirlərə İslam Dövləti qrupu üzərində qələbə əldə edilməsinin bir gecə ərzində mümkün olmayacağını və bu prosesin ağır olacağını deyib.

Birləşmiş Ştatların başçılıq etdiyi koalisiya qüvvələri İraq hərbi qüvvələrinə havadan və hərbi əməliyyatlarda dəstəyə 2014-cü ilin avqust ayında İslam Dövləti döyüşçülərinin ölkənin şimal və qərb bölgələrində böyük əraziləri ələ keçirməsindən sonra başlayıb. İyul ayında İraq hərbi qüvvələri ölkənin ikinci ən böyük şəhəri olan Mosulu azad edərək, İŞİD-ə qarşı əməliyyatlarda böyük qələbə əldə edib.

İraq hərbi qüvvələri bazar günü Mosulun 60 kilometrliyindəki Tal-Afar bölgəsinın azad edilməsi üçün genişmiqyaslı hücuma keçib.