İraq seçkilərində şiə dini lider Müqtəda Əl-Sədrin koalisiyası irəlidə gedir 

Şiə dini lider Müqtəda Əl-Sədrin yüzlərlə dəstəkçisi İraq parlament seçkilərinin ilkin nəticələrinin elanından sonra Bağdad küçələrinə çıxaraq, bayram ediblər.

İraqın seçki komissiyası ölkə əyalətlərinin yarısından gələn nəticələrə əsasən, Əl-Sədrin koalisiyasının milli seçkilərdə irəlidə olduğunu elan edib. Əl-Sədr özü seçkilərdə iştirak etməsə də, onun koalisiyası paytaxt Bağdadda böyük üstünlüklə qalib gələ bilib.

İraqın nüfuzlu hərbi şiə qrupları ilə sıx əlaqədə olan namizədlərdən ibarət alyans seçkilərin nəticələrinə əsasən ikinci yerdədir.

Əl-Sədrin qələbəsi baş nazir Heydər Əl-Əbədinin yenidən baş nazir olmaq üçün apardığı kampaniyaya əhəmiyyətli zərbə vura bilər.

Nəticələr olduğu kimi qalsa, Birləşmiş Ştatların sərt tənqidçisi olan Əl-Sədr İraqın növbəti liderinin kim olacağının müəyyən edilməsində əsas rol oynayacaq.

Seçki komissiyası bildirib ki, ölkənin 329 nəfərlik parlamentin seçkilərinin yekun nəticələri iki gün ərzində elan ediləcək.