İraqda izdihamlı bazarda partlayış törədilib

İraqın cənubunda maşına yerləşdirilmiş bomba izdihamlı bazarda partlayaraq təxminən 25 nəfərin həyatına son qoyub və 50 nəfəri yaralayıb.

Bu günkü hücum Bağdad şəhərindən 150 kilometr cənubda, Divaniyə şəhərində baş verib. Partlayışdan bir az sonra rəsmilər şəhərdə məhdud komendant saatı tətbiq edib.

Əlavə olaraq, bu gün səhər Şiə zəvvarlarını hədəf alan, avtomobilə yerləşdirilmiş bir cüt bombanın Kərbəla şəhəri yaxınlığında partladılması nəticəsində dörd nəfər həlak olub. Hücum Kərbəla şəhərində Şiə imamın ildönümü mərasimindən bir neçə gün əvvələ təsadüf edib.

Son həftələrdə İraqda zorakılıq hallarının sayı əsasən iyun ayında 237 nəfərin ölümünə səbəb olmuş hücumlarla artıb.