İraq Mosulda İŞİD üzərində qələbə elan edib

İraq İslam Dövləti qrupu üzərində qələbə əldə edildiyini və Mosul şəhərinin azad edildiyini elan edib.

“Hərbi qüvvələrin ali baş komandanı baş nazir Heydər Əl-Abadi azad edilmiş Mosul şəhərinə gəlib və qəhrəman döyüşçüləri və İraq xalqını böyük qələbə münasibətilə təbrik edib”, İraq baş nazirinin ofisinin açıqladığı bəyanatda deyilir.

İraq rəsmiləri son həftələr hərbi qüvvələr Mosul şəhərinin Fərat çayı üzərindəki Köhnə Şəhər hissəsində militantlara qarşı hücumları davam etdirdiyi vaxt İŞİD-in məğlub ediləcəyini bildirmişdi. Lakin son günlər İraq hərbi qüvvələrinin irəliləməsi ləng gedirdi.

Hərbi qüvvələrin ali baş komandanı baş nazir Heydər Əl-Abadi azad edilmiş Mosul şəhərinə gəlib və qəhrəman döyüşçüləri və İraq xalqını böyük qələbə münasibətilə təbrik edib.

Mosulun azad edilməsi əməliyyatlarında koalisiya qüvvələri İraq hərbi qüvvələrinə hava hücumları və quruda dəstək göstərirdi. Mosul İŞİD-in üç il bundan əvvəl İraq və Suriya ərazilərinin bir hissəsində xilafətin yaradıldığını elan etməsindən sonra ələ keçirdiyi ən böyük şəhər idi.

Şəhərin azad edilməsi uğrunda səkkiz aydır gedən döyüşlər zamanı Mosulun köhnə hissəsindəki qədim abidələrin çoxu dağıdılıb. Buraya İŞİD militantlarının bu yaxınlarda parlatdığı 850 yaşı olan Böyük Əl-Nuri məscidi və onun 45 metr hündürlüyündə əyilmiş minarəsi daxildir.

Militantlar İraqın ikinci ən böyük şəhəri olan Mosula üç ildir nəzarət edirdi. İslam Dövləti qrupunun lideri Əbu Bəkr Əl-Bağdadi 2014-cü ildə Köhnə Şəhərdəki tarixi Əl-Nuri məscidində çıxış edərək, militantların İraq və Suriyanın bəzi hissələrində ələ keçirdiyi ərazilərdə "xilafətin" yaradıldığını elan etmişdi.

İraqın baş naziri Heydər Əl-Abadi deyib ki, məscidi partlatmaqla İslam Dövləti qrupu məğlubiyyətini elan etmiş oldu.