İslam Dövləti yaraqlılarına qarşı hava hücumlarına başlanıb

İraqda Mosul su bəndinin islamçı yaraqlılardan geri almaq üçün hava əməliyyatlarına başlanıb.

Kürd rəsmilər də daxil olmaqla yerlilər Qərb mətbuatının müxbirlərinə bildirib ki, hava hücumları bu gün başlayıb, ancaq hücumu ABŞ-ın yoxsa İraq hərbi qüvvələrinin həyata keçirdiyi bəlli deyil.

İslam Dövlətinin yaraqlıları avqustun əvvəlindən bəri su bəndinə nəzarət edir.

Dünən ABŞ hərbi rəsmiləri deyib ki, İslam Dövlətinin yaraqlılarına qarşı pilotsuz təyyarə hücumları İraqın Sincar şəhərində iki zirehli maşını məhv edib.

ABŞ Mərkəzi Komandanlığının açıqladığı bəyanatda deyilir ki, İslam Dövləti terrorçularının Kauju kəndində mülki əhaliyə hücuma keçməsi barədə kürd qüvvələrindən məlumat daxil olandan sonra dünənki hava hücumlarına göstəriş verilib.