İraq ordusu Mosulun nəzarətini ələ keçirməkdədir

İraqın bildirdiyinə görə, 3 il əvvəl özünü xəlifət elan edən İslam Dövləti qrupunun tarixi məscidini dağıtdığı Mosul şəhərinin nəzarətini geri alıb.

İslam Dövlətinın döyüşçüləri 8 aydır davam edən döyüşlərdən sonra keçən həftə Mosulun 45 metr hündürlüyündə minərəsi olan 850 illik tarixi Əl-Nuri məscidini partladıb.

Hazırda İraq ordusu qurudan və havadan Birləşmiş Ştatların başçılıq etdiyi koalisiya qüvvələrinin köməyi ilə Mosulun qərb hissəsini İslam Dövləti yaraqlılarından təmizləməyə çalışır. Beləliklə ordu 2014-cü ildən bəri militantların əlində olan şəhərin nəzarətini tam ələ keçirmiş olacaq.

Ölkənin baş naziri Heydər Əl-Əbədi deyib ki, məscidi partlatmaqla İslam Dövləti məğlubiyyətini elan etmiş oldu.