İraq kürdləri müstəqilliyə dair referendumda səs verir

İraq kürdləri bazar ertəsi müstəqilliyə dair referendumda iştirak edir. Təsdiq ediləcəyi gözlənilən referendum həm Bağdadda mərkəzi hökumət, həm də region ölkələri və Birləşmiş Ştatlar tərəfindən etirazla qarşılanıb.

İraqın şimal-şərqində yarı-muxtar kürd regionunun prezidenti Məsud Barzani səsvermə hüququ olan beş milyon seçicini dinc şəkildə səsvermədə iştirak etməyə çağırıb.

İraqın yarı-muxtar kürd regionunun prezidenti Məsud Barzani

“Biz belə bir nəticəyə gəlmişik ki, müstəqillilk bizim əvvəlki faciələri təkrar etməyimizə imkan verməyəcək. Bağdadla tərəfdaşlıq baş tutmayıb və biz buna qayıtmayacayıq”, Barzani İrbildə keçirilən mətbuat konfransında bildirib.

Rəsmi nəticələrin çərşənbə axşamı günü açıqlanacağı gözlənilir. Referendumda müsbət nəticə müstəqilliyin elan edilməsi demək olmayacaq. Bu, daha çox ayrılmaq haqda danışıqlara başlamaq üçün ilk addımın atılmasına xidmət edəcək.

Barzani keçən həftə Amerikanın Səsinin Fars xidmətinə müsahibədə bildirib ki, referendumun ardınca Kürd hökuməti İraq rəsmiləri ilə sərhədlərin müəyyənləşdirilməsi, təbii ehtiyatların bölüşdürülməsi və müstəqilliyin elan edilməsi üçün vaxtın müəyyən edilməsi kimi məsələlər ətrafında müzakirələrə başlayacaq. Barzani keçid dövrünün bir və ya iki il sürəcəyini gözlədiyini bildirib.

İraq kürdləri referendumda səs verir

Kürdlər və İraq hökuməti arasında neft gəlirləri və regionda strateji əhəmiyyətli şəhərlərə nəzarətlə bağlı uzun zamandır mübahisələr mövcuddur.

Bazar ertəsi səsvermədən öncə İraqın baş naziri Heydər Əl-Abadi kürd bölgəsini sərhəd keçidləri və aeroportların nəzarətini təhvil verməyə, başqa ölkələri isə kürd neftini ixrac etməməyə çağırıb.

İraqın qonşusu olan İran İraqın Kürdüstan regionundan uçuşları dayandırıb. İran, eləcə də Suriya və Türkiyədə böyük kürd icmaları var.

İran və Türkiyə hökumətləri bu ölkələrdə separatçı əhval-ruhiyyənin güclənməsindən ehtiyat edərək, müstəqilliklə bağlı referenduma etiraz bildirib.