Bağdadda silsilə intiharçı hücümları nəticəsində 20-dən çox insan həlak olub

Polis rəsmiləri bildirir ki, bazar ertəsi günü Bağdad ətrafında islamçı militantların həyata keçirdiyi silsilə bomba partlayışları nəticəsində 20-dən çox insan həlak olub.

İslam Dövləti qrupu iki hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Güclü partlayışlardan biri Bağdadın şimalında şiələrin yaşadığı Şaab məhəlləsində baş verib. İntiharçının partlayıcılarla yüklənmiş avtomobili nəzarət buraxılış məntəqəsinə çırparaq törətdiyi partlayış 11 nəfərin ölümünə və 10-dan insanın isə yaralanmasına səbəb olub.

Digər intiharçının isə Bağdadın şimalındakı Tarmiyah sünni məhəlləsində yerləşən polis məntəqəsinin yaxınlığında özünü partlatması nəticəsində altı insan ölüb, 20-dən çox insan yaralanıb.

Motosikletdə olan daha bir intiharçının isə əsasən şiələrin məskunlaşdığı Sədr şəhərciyində özünü partlatması üç nəfərin ölümü və 10-dan çox insanın yaralanması ilə nəticələnib.

İŞİD açıqladığı onlayn mesajda şiə məhəllələrində baş verən partlayışların məsuliyyətini öz üzərinə götürüb.