İslam Dövləti (İŞİD) silahlı qruplaşması ilə üç ilədək çəkən müharibədən sonra İraqın bərpasına 88,2 milyard dollar gərəkəcək. Bunu İraq rəsmiləri fevralın 12-də keçirilən beynəlxalq konfransda deyiblər.
“İraqın bərpası İraqa ümidin bərpası deməkdir, İraqın sabitliyinin bərpası region və dünya ölkələrinin sabitliyi deməkdir”, - İranın planlaşdırma naziri Salman Əl-Jumaili üç gün ərzində Küveytə yığışmış donor və investorlara söyləyib.
ABŞ rəsmilərinin dediyinə görə, İraqa İŞİD-lə mübarizədə dəstək vermiş beynəlxalq koalisiyanın rəhbəri olan Birləşmiş Ştatlar konfransda hər hansı məbləğ boyun olmağı planlaşdırmır.
İraq dekabrda İŞİD-i məğlub etdiyini açıqlayıb, yaraqlıların 2014-2015-ci illərdə tutduğu ərazilərin, demək olar, hamısını geri alıb. Döyüşlər nəticəsində böyük ərazilər dağıdılıb, milyonlarla adam evindən didərgin düşüb.
2003-cü ildə ABŞ-ın işğalı nəticəsində diktator Səddam Hüseyn devriləndən İraqa milyardlarla dollar ayrılıb. İllərlə davam edən yaraqlı üsyanı və məzhəb savaşı 2014-cü ildə İŞİD-in ortaya çıxmasıyla sonuclanıb.