İnsan haqları qrupunun məlumatına görə, İran təhlükəsizlik qüvvələri ölkənin cənub-şərqində çox sayda nümayişçinin öldürülməsinin birinci ildönümünü qeyd edən yüzlərlə etirazçını saxlayıb.
İranın Sistan-Bəlucistan vilayətində insan haqları pozuntularını izləyən "Haalvş" qrupu oktyabrın 2-də bildirib ki, sentyabrın 30-dan azyaşlılar da daxil olmaqla, regionda azı 216 nəfər həbs edilib.
Norveçdə yerləşən İran İnsan Haqları təşkilatının bildirdiyinə görə, ötən il sentyabrın 30-da vilayətin paytaxtı Zahidanda təhlükəsizlik qüvvələrinin etirazçıları atəşə tutması nəticəsində azı 104 nəfər ölüb.
Keçən il aylarla davam edən və İranı sarsıdan anti-hökumət etirazlarının keçirildiyi Bəluc etnik azlığının məskunlaşdığı Sistan-Bəlucistanda baş verən zorakılıqlar "Qanlı cümə" adlandırılıb.
"Haalvş"a görə, son günlər Çabahar, Xaş, Zahedan və Mircave də daxil olmaqla, vilayətin şəhər və qəsəbələrində seyrək etirazlar keçirilib.
İnsan haqları qrupu 38-i azyaşlı olmaqla, saxlanılanlardan 121-nin şəxsiyyətini müəyyənləşdirdiyini bildirib. "Haalvş" saxlanılanların vəziyyətinin və harada olduqlarının müəyyən edilmədiyini deyib.
İran rəsmiləri Əfqanıstan və Pakistanla həmsərhəd, narahat və yoxsul Sistan-Bəlucistanda həbslər barədə məlumat verməyib.