Brüsseldə İran azərbaycanlıları "Azadlıq və Ədalət" adlı yürüş keçirir

Avropada yaşayan çox sayda güneyli İrandakı son etirazlar fonunda 25 martda Brüssel şəhərində yürüş təşkil ediblər.

"Azadlıq və Ədalət" adı altında keçirilən yürüş 25 mart tarixində yerli vaxtla saat 14:00-da Brüssel şəhərinin Lüksemburq meydanında başlayıb.

Yürüş Avropa İttifaqının əsas qurumlarının yerləşdiyi Şuman meydanına qədər davam edir.

Yürüşdən çəkilən və Amerikanın Səsinə də göndərilən videolarda çox sayda adamın mitinqə qatıldığı görünür. Mitinq iştirakçıları əllərində böyük bayraqlarla “Azadlıq, Ədalət, Milli Hökümət” şüarını səsləndirərək mitinqin baş tutacağı bölgəyə doğru hərəkət edir.

İştirakçıların əllərində Azərbaycan bayraqları, habelə bəzi güney təşkilatlarının “Güney Azərbaycanın milli mücadilə bayrağı” kimi qəbul etdiyi bayraqlar var.

Araz News saytında yayımlanan mitinqi təşkil edən koordinasiya qrupunun bəyanatında aksiyanın İran hakimiyyətinin repressiv və qeyri-insanı siyasətlərinə etiraz olaraq təşkil edildiyi bildirilib.

"Ana yurdumuz Azərbaycan və İranda türklərin yaşadığı digər bölgələr siyasi, iqtisadi və ətraf mühit fəlakətləri ilə qarşı-qarşıyadırlar. Mövcud vəziyyət və 5 aydan artıqdır davam edən etirazlar fonunda Azərbaycan və digər bölgələrdə yaşayan türklərin milli hüquqları uğrunda birlik və davamlı fəaliyyətin zərurəti hər zamandan daha artıq hiss edilməkdədir. Bu istiqamətdə Avropada yaşayan türklər olaraq, Güney Azərbaycan və başqa bölgələrdə İran rejiminin etirazçılara qarşı götürdüyü repressiv və qeyri-insani ölçüləri məhkum etmək üçün effektiv bir addım atmağa qərar verdik,” koordinasiya qrupunun bəyanatında yazılıb.