İran Azərbaycanında Xosrovşah və Urumiyyə şəhərlərinin tarixi adları bərpa olundu

  • Insafəli Hidayət

İran Azərbaycanında Xosrovşah və Urumiyyə şəhərlərinin tarixi adları bərpa olundu

Şərqi Azərbaycanda da, Ərdəbil, Qərbi Azərbaycan və Zəncan əyalətlərindəki kimi yüzlərlə kənd, bəzi şəhərlər, məhəllələr, abidələrin adları Fars adları ilə əvəz olunmuşdu

İranda İslam İnqilabından sonra ölkənin başqa yerlərində olduğu kimi Şərqi Azərbaycanda da yüzlərlə kənd və bəzi şəhərlərin tarixi adları fars adları ilə əvəz olunmuşdu. Onlardan biri tarixi adı Xosrovşah olan Xosrov şəhəridir. Tarixi adının bərpa olunması ilə şəhər yenidən "Xosrovşah" ya xalq arasında deyildiyi kimi "Xosrovşa" adlandırıldı.

Xosrovşah şəhərinin adı İran İslam İnqilabından sonra bu adda ki, “şah” sözünə görə Xosrov şəhərə dəyişdirilmişdi. Bununla, İranın İslam hakimiyyəti şəhər əhalisinin keçmiş şah rejiminin əleyhinə olduğunu nümayiş etdirmək istəyib. Xosrovşah şəhərinin adı dəyişəndən 32 il sonra xalqın tələbi və Şəhər Şurasının fəaliyyətləri nəticəsində İranın Daxili İşlər Nazirliyi şəhərin qədim adının bərpa olunması qərarını təsdiqlədi və İran prezidenti Mahmud Əhmədinəjadın bu yaxınlarda Şərqi Azərbaycana səfəri zamanı Xosrov Şəhərin qədim adı Xosrovşah adının bərpa olunduğu elan edildi.

Bu arada, xəbərlərdə bildirilir ki, fars dilində yazılıb və idarələrdə də bu dildə istifadə olunan Urumiyyə şəhərinin tarixi adı da özünə qaytarılıb. Xatırladaq ki, son illər İran azərbaycanlıları arasında bu şəhər üçün Urumiyyə qədər Urmu sözü də çox işlənir.

Şərqi Azərbaycanda da, Ərdəbil, Qərbi Azərbaycan və Zəncan əyalətləri kimi yüzlərlə kənd, bəzi şəhərlər, məhəllələr, binalar, bağlar və tarixi abidələr var ki, onların tarixi türk adları fars adları ilə əvəz olunub.

Bunun şəhərin qədim adı olması və Çinin Sincan Muxtar Bölgəsində türkdilli uyğurların qədim şəhərlərindən birinin adından ilhamlanaraq bu ada üstünlük verilməsi barədə fərqli fikirlər irəli sürülür.

İranın Əhalinin Siyahıya Alınması (Amar) idarəsinin verdiyi məlumata əsasən, Xosrovşah şəhərində 2011-ci ildə əhalinin sayı 16.400 idi və bu baxımdan Xosrovşah Şərqi Azərbaycanın 19-cu ən iri və Təbrizə ən yaxın şəhəridir. Xosrovşah iqtisadi cəhətdən İran Azərbaycanının zəngin şəhərlərindən sayılır.