RATİ İran səfirliyinin qarşısında piket keçirəcək

Fərid Hüseyn və Şəhriyar Hacızadə

Piketin məqsədi ictimai diqqəti İranda həbsdə olan Azərbaycan şairlərinin məhkəməsinə yönəltməkdir
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) avqustun 6-da İranın Azərbaycandakı səfirliyi qarşısında piket keçirəcək. Piketin məqsədi ictimai diqqəti avqustun 7-də İranda keçiriləcək Azərbaycan şairlərinin məhkəməsinə yönəltməkdir.

İnstitutun direktoru Emin Hüseynov Amerikanın Səsi radiosuna bildirib ki, piketin keçirilməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət edilib.

“Mayın 2-də Təbrizdə həbs edilmiş Azərbaycan şairləri Fərid Hüseyn və Şəhriyar Hacızadənin avqustun 7-də məhkəməsi keçiriləcək. Biz beynəlxalq təşkilatların və ictimaiyyətin diqqətini məhkəməyə yönəltmək məqsədi ilə dinc piket keçirəcəyik. Piketdə 50 nəfər jurnalist, hüquq müdafiəçisi və ədib iştirak edəcək”, - deyə o qeyd edib.
Azərbaycan vətəndaşları Fərid Hüseyn və Şəhriyar Hacızadə bu il aprelin 28-də Tehranda keçirilən şer festivalına dəvət alıb. Şairlər festivalda iştirak etdikdən sonra Azərbaycana qayıdarkən mayın 2-də Təbriz şəhərində mülki geyimli şəxslər tərəfindən həbs edilib. İran şairlərin ölkəyə qanunsuz gəldiyini bildirib, halbuki İran Azərbaycan vətəndaşları üçün viza rejimini birtərəfli qaydada ləğv edib.