Azərbaycan rəsmisi İranda həbs edilən vətəndaşlardan danışıb

Əli Həsənov

“Azərbaycan hakimiyyəti İranda həbsdə saxlanan azərbaycanlı şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadənin taleyi ilə bağlı beynəlxalq hüququn imkan verdiyi bütün addımları atır”.
“Azərbaycan hakimiyyəti İranda həbsdə saxlanan azərbaycanlı şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadənin taleyi ilə bağlı beynəlxalq hüququn imkan verdiyi bütün addımları atır”.
APA agentliyinin məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. O müvafiq qurumlar tərəfindən İran hökuməti ilə danışıqların davam etdirildiyini deyib: “İran hökumətinin bu insanları nəyin əsasında həbs etdiyini və onların taleyi ilə bağlı nə düşündüyünü müvafiq qurumlar öyrənir”.
Xatırladaq ki, İranın bəzi kütləvi informasiya vasitələri bu ölkədə həbsdə saxlanılan azərbaycanlı şairlər - Fərid Hüseyn və Şəhriyar Hacızadənin narkotik maddələrin qaçaqmalçılığında və İsrailə casusluqda təqsirləndirildiyini iddia ediblər. Bu barədə İranın “Tabnak” və “Aran” saytları xəbər yayıb. Məlumatda bildirilib ki, F. Hüseyn və Ş. Hacızadə şair deyil, Rusiyadan Avropaya narkotik maddələrin daşınması ilə məşğul olan qaçaqmalçılardır: “Onlar İsrailin kəşfiyyat orqanı olan “Mossad”a casusluq etdiklərini etiraf ediblər. F. Hüseyn və Ş. Hacızadəyə qarşı irəli sürülən ittihamlarla bağlı sənədlər rəsmi Bakıya göndərilib”.
Azərbaycan Xarici İşlər Nazirliyi isə İran mətbuatında gedən bu məlumatları təkzib edib.
Qeyd edək ki, İranda bu ən ağır ittihamlar sayılır və günahları sübuta yetiriləcəyi təqdirdə həmin şəxslər edam cəzasına məhkum edilə bilərlər.
Adıçəkilən şairlər iki ay əvvəl İranda itkin düşüblər.