İranda jurnalist Səba Azərpeyk tutulub

Səba Azerpeyk

Səba Azərpeykin harada saxlandığı və konkret nədə günahlandırıldığı bilinmir
İranda islahat tərəfdarı olan gənc jurnalist, “Etimad” və “Ticarəti fərda” qəzetlərinin əməkdaşı Səba Azərpeyk tutulub.

“Media forum” saytının məlumatına görə, İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Tehran şöbəsinin əməkdaşları Səba Azərpeyki mayın 28-də iş yerində tutub aparıblar.
İl yarım əvvəl zindanda işgəncələr altında qətlə yetirilən gənc bloqçu Səttar Behişti haqda yazılar hazırlayaraq sosial şəbəkələrdə yayan Səba Azərpeykin harada saxlandığı və konkret nədə günahlandırıldığı bilinmir.

Səba Azərpeyk 2013-cü ilin yanvarında BBC ilə əməkdaşlıqda günahlandırılan daha 18 jurnalistlə birlikdə tutulmuş və həmin il martın 5-də ailəsinin qoyduğu mülk girovu qarşılığında şərti azadlığa buraxılmışdı.