Iranda 3 nəfər edam edilib

Dar ağacı

Son bir həftə ərzində İranda 20-dən çox adam edam edilib
İranda 3 nəfər edam edilib. APA agentliyinin məlumatına görə, məhbuslar narkotik maddələrin qaçaqmalçılığında günahlandırılaraq dara çəkiliblər.

Onların ad və soyadları açıqlanmasa da, birinin Urmiya şəhərinin 27 yaşlı sakini, digər ikisinin isə 57 və 59 yaşlarında Tehran sakinləri olduğu bildirilir.

Qərar İranın Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra məhbuslar iyulun 9-da səhər saatlarında Ərdəbil şəhərinin mərkəzi həbsxanasında edam ediliblər. Bundan əvvəl isə iyulun 6 və 8-da Ərdəbildə 6 nəfər dara çəkilib.

Qeyd edək ki, son bir həftə ərzində İranda 20-dən çox adam edam edilib. Onların da əksəriyyəti narkotik maddələrin qaçaqmalçılığında günahlandırılaraq dara çəkiliblər.

İranın “Mərdom Salari” qəzetinin yazdığına görə, sadəcə iyulun 7-8-də 11 nəfər edam edilib. Bundan başqa, Ərdəbildə 3, Kirmanşahda 3 və Qəzvində 5 nəfər dara çəkilib. Onlardan da 7-si narkotik maddələrin qaçaqmalçılığında günahlandırılıb. Bundan əvvəlki həftə də 11 nəfər Bəm, Kərəc, Əhvaz və Xürrəmabad şəhərlərində edam ediliblər. Onlardan da 9-u narkotik maddələrin qaçaqmalçılığında günahlandırılıblar.

Eyni zamanda İranda 12 Əfqanıstan vətəndaşı da dara çəkilib. Bu, yalnız mətbuata sızan edamların bir hissəsidir.