İranın Futbol üzrə Dünya Kubokunda iştirak edən komandası Tehranın geniş yayılmış nümayişlərə qarşı tətbiq etdiyi zorakılıqlara etiraz edən azarkeşlərlə açıq şəkildə həmrəylik nümayiş etdirərək, bazar ertəsi Qətərdə Britaniya ilə keçirəcəkləri açılış oyunundan əvvəl öz milli himnini oxumaqdan imtina edib.
İranın onlarla ictimai və incəsənət xadimi, idmançısı nümayişçilərə dəstək versə də, bir çox iranlı öz komandasını hakim şiə müsəlman teokratiyasının tərəfində olmaqda ittiham etmişdi.
İki ay əvvəl baş örtüyünü düzgün örtmədiyi üçün ölkənin əxlaq polisi tərəfindən saxlanılan və gənc qadın Məhsa Əmininin nəzarətdə olarkən ölməsi hökumətə qarşı ölkə boyu geniş nümayişlərə səbəb olub.
Fars körfəzinin o tayına, Qətərə səfər etməzdən əvvəl İranın futbol komandası İranın sərtxətt tərəfdarı Prezidenti İbrahim Rəisi ilə görüşüb. Futbolçuların Raisi ilə birlikdə, onlardan birinin onun qarşısında əyildiyi fotoları küçə iğtişaşlarının qızışdığı bir vaxt sosial şəbəkələrdə geniş yayılıb.
İranlı futbolçular Britaniya ilə oyunun açılışından əvvəl dövlət himni üçün sıraya düzülüb, lakin əvvəlcədən verdikləri qərara görə, himni oxumayıblar.
İran dövlət televiziyası himn oxunarkən səssiz qalan oyunçuların görüntülərini yayımlamayıb.
Bazar günü İranın milli futbol komandasının kapitanı Ehsan Hacsafi ölkəsindəki nümayişlərdə öldürülənlərin ailələrinə başsağlığı verib.
"Ölkəmizdəki şəraitin düzgün olmadığını və xalqımızın xoşbəxt olmadığını qəbul etməliyik. Biz buradayıq, lakin bu, bizim onların səsi olmadığımız və ya onlara hörmət etmədiyimiz demək deyil" - deyə, komandanın kapitanı bildirib.
İranlı idmançılar arasında da ölkəni aylardır sarsıdan anti-hökumət etirazları ilə həmrəy olanların sayı getdikcə artır. Onlar milli himni oxumaqdan və ya qələbələrini qeyd etməkdən imtina edir. Qadın idmançılar da milli və beynəlxalq yarışlarda məcburi baş örtüyünü çıxarıb.
Sosial şəbəkələrə yüklənən videolarda İranın basketbol, futbol və su polosu milli komandalarının üzvlərinin xaricdə keçirilən oyunlarda milli himni oxumaqdan imtina etdiklərini görmək olub.