Birləşmiş Ştatlar çərşənbə günü 2015-ci il İran nüvə sazişinin bərpası "hazırda bizim diqqət mərkəzimizdə deyil" deyib. ABŞ Tehranın paktın bərpasına az maraq göstərdiyini və Vaşinqtonun diqqətinin iranlı etirazçıları necə dəstəkləmək üzərində cəmləşdiyini bildirib.
İrana qarşı iqtisadi sanksiyaların aradan qaldırılması müqabilində nüvə proqramını məhdudlaşdırdığı sazişin bərpası üçün danışıqların davam etdirilməsində maraqlı olub-olmaması ilə bağlı suala ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays "Hazırda diqqətimiz bunda deyil" - deyə, cavab verib.
"İranlılar çox açıq şəkildə bildirdilər ki, bu, onların istədikləri sövdələşmə deyil. Razılaşma, şübhəsiz ki, qaçılmaz görünmür", Prays brifinqdə deyib.
"Son həftələrdə onların mövqelərini dəyişmədiyini eşiidirik. Beləliklə, hazırda diqqətimiz İran xalqının dinc aksiyalarda nümayiş etdirdiyi şücaət və cəsarət üzərindədir" , Prays deyib.
O, 22 yaşlı Mahsa Əmininin sentyabrın 16-da İran əxlaq polisinin nəzarəti altında olarkən ölməsindən sonra alovlanan hökumət əleyhinə etirazlara toxunaraq, "Hazırda diqqətimizi onların gördükləri işlərə yetirmək və onlara bacardığımız qədər dəstək verməkdir" deyib.
ABŞ Prezidenti Donald Tramp 2018-ci ildə İran və altı böyük dövlət arasında bağlanmış nüvə sazişindən imtina etdi və neft ixracını məhdudlaşdıraraq, İran iqtisadiyyatını sarsıdan iqtisadi sanksiyaları birtərəfli qaydada bərpa edib.
Bir il sonra Tehran buna razılaşmanın nüvə məhdudiyyətlərini tədricən pozmaqla reaksiya verdi və bu, ABŞ, İsrail və Körfəz ərəb ölkələrinin İranın atom silahı əldə edə biləcəyi ilə bağlı qorxularını artırdı. İran isə bu ambisiyanı rədd edir.