İran İsrailə çata biləcəyini iddia etdiyi silahlı dronu nümayiş etdirib

İranın Müdafiə Nazirliyi çərşənbə axşamı Amerikanın "MQ-9 Reaper" silahlı dronuna bənzəyən pilotsuz uçuş aparatını nümayiş etdirərək, onun 24 saat havada qala bildiyini və ölkənin əsas düşməni olan İsrailə çatmaq qabiliyyətinə malik olduğunu bildirib.

İranın dövlət İRNA xəbər agentliyi Müdafiə Sənayesi Gününə həsr olunmuş konfransda nümayiş etdirilən "Mohajer-10" adlı pilotsuz təyyarənin fotosunu dərc edib.

"Mohajer" farsca "mühacir" deməkdir və 1985-ci ildən İslam Respublikası tərəfindən istehsal edilən pilotsuz təyyarələr növüdür.

İRNA-nın bildirdiyinə görə, dron saatda 210 km sürətlə uça bilir və eyni zamanda300 kiloqrama qədər bomba yükü daşıyır. Agentlik həmçinin bildirib ki, dron elektron müşahidə avadanlığı və kamera daşıya bilər.

İranın ali dini lideri Ayətullah Əli Xameneinin himayədarı olduğu İranın sərt xətt tərəfdarı prezidenti İbrahim Rəisi də çərşənbə axşamı dronu müşahidə edib.

"Bu gün biz İranı dünyaya inkişaf etmiş və texnoloji bir ölkə kimi tanıda bilərik", Rəisi dövlət televiziyasında yayımlanan çıxışı zamanı deyib.

Dövlət televiziyasının xəbər verdiyi kimi, Rəisi İranın "dünyanın bütün ölkələri" ilə dostluq münasibətləri ilə bağlı mövqeyini bir daha təkrarlayıb və əlavə edib ki, İranın silahlı qüvvələri onun ölkəsini işğal etməyə cəhd edən hər bir əli kəsəcək.

Dövlət televiziyasının bir bölməsi dronun uçuş-eniş zolağından havaya qalxmasının videosunu paylaşmasına baxmayaraq, Associated Press agentliyi onun imkanları ilə bağlı iddiaları dərhal təsdiqləyə bilməyib.

"Reaper" kimi uzunmənzilli dronlar üçün yerdə stansiyaların və peyk rabitəsinin olması tələb olunur.