İranlı fəal Məsih Əlinejad TIME jurnalının ilin qadınları siyahısında yer alıb

Masih Alinejad

TIME jurnalı cümə axşamı iranlı hüquq müdafiəçisi və Amerikanın Səsi proqramının aparıcısı Məsih Əlinejadı öz ölkəsində qadın hüquqları naminə fəaliyyətinə görə nəşrin "İlin 12 qadını" siyahısına daxil edib.

"Qadınlar dünyanın hər yerindən gəlir və icmalarına öz sahələrində əhəmiyyətli təsir göstərir" - deyə, TIME yazıb.

İcraçı redaktor Naina Bayekal və baş redaktor Lusi Feldmanın dediyinə görə, siyahı "daha bərabər bir dünya uğrunda mübarizə aparmaq üçün öz səslərindən istifadə edən liderləri diqqətə çatdırmağın ən yüksək formasını araşdırır".

Cümə axşamı Əlinejad Amerikanın Səsinə deyib ki, "xoşbəxt olub-olmamağı" anlamaq çətindir.

"Normal şəraitdə İranın şimalındakı çox kiçik bir kənddən olan bir qadın olaraq TIME jurnalının "İlin qadınları" siyahısına seçilmək mənim üçün sevinc və xoşbəxtlik gətirməlidir. Amma bu günlər İrandakı vəziyyət bizim üçün normal deyil" deyən qadın, ölkə qadınlarının çəkdiyi şiddət və təzyiqlərə işarə edib.

TIME 2009-cu ildən mühacirətdə yaşayan Əlinejadın İranda davam edən anti-hökumət etirazlarına verdiyi dəstəyinə istinad edib.

Nümayişlər keçən ilin sentyabrında 22 yaşlı Məhsa Əmininin baş örtüyünü düzgün örtmədiyi və ölkənin qadın geyimi qaydalarına əməl etmədiyi iddiası ilə həbs olunduqdan sonra polis nəzarətində ölməsinə cavab olaraq başlayıb.

Etirazların Ayətulla Əli Xameneyinin başçılıq etdiyi İran rejimi üçün son illərin ən böyük təhlükəsi olduğu bildirilir. Əlinejad TIME-a deyib ki, "İran qadınları Xameneyinin ən böyük düşmənidir".

Məsih Əlinejad İran hökumətinin insan haqlarını pozması və korrupsiya halları barədə məlumatlarla paylaşıb və İranın qadınlar üçün hicabın məcburi olması ilə bağlı qanunlarına qarşı çıxış edən sosial media hərəkatına rəhbərlik edib.

TIME jurnalının 2023-cü ilin "İlin Qadınları" siyahısında adı çəkilən digər şəxslər arasında Somali boksçusu və qaçqınların hüquq müdafiəçisi Ramla Əli, Reproduktiv hüquqları müdafiə edən meksikalı Verónika Kruz Sánçez və Ukraynadakı müharibə zamanı LGBTQI icmasının üzvlərinə və qadınlara yardım edən Ukrayna qeyri-kommersiya təşkilatı Insight-ın həmtəsisçisi Olena Şevçenko da var.