Təqaüdçülər İran şəhərlərində etiraz edir

İran Azərbaycanının Təbriz, Ərdəbil və Qəzvin şəhərlərində və həmçinin İranın digər şəhərlərində təqaüdçülər etiraz aksiyaları keçirib.

İnsan hüquqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin yaydığı məlumata görə, aprelin 4-də İranın 22 şəhərində təqaüdçülər öz şəhərlərində olan Sosial Təminat Baş İdarəsinin binası qarşısında etiraz aksiyası keçiriblər.

İLNA xəbər agentliyinin yaydığı məlumata görə, etirazlarda iştirak edən təqaüdçülər İranda yoxsulluq səviyyəsinin 10 milyon tümən olduğunu vurğulayıb, onlara verilən 4 milyon tümənlik təqaüdün hazırkı şəraitdə yetərli olmadığını bildirərək İranın Sosial Təminat Qanununun 96-cı maddəsinin yerinə yetirilməsini tələb ediblər.

Təqaüdçülərin digər tələbi müxtəlif fondlardakı təqaüdçülər arasındakı ayrıseçkiliyin aradan qaldırılması olub.

Ötən il sosial təminat pensiyaçılara qarşı öhdəliklərini yerinə yetirməyən İran hökuməti təqaüdçülərin maaşlarının bərabərləşdirilməsi və artırılmasını bir ilə qədər təxirə salmaqla, təqaüdçülərə 1 milyon 200 min tümən ödəyəcəyini vəd etmişdi, lakin hökumətin bu son vədi təqaüdçülər üçün tətbiq edilməyib.

İranın bəzi şəhərlərində təqaüdçülər dövlətin vədlərinin tətbiq edilmədiyi üçün dövlətin yalançı olduğuna dair şüarlar və plakatlar qaldıraraq dolanışıqlarının çətin olduğunu bildiriblər.

İlk dəfə deyil ki, İranda təqaüdçülər ölkənin müxtəlif şəhərlərində aksiya keçirirlər. Ötən illərdə və həmçinin bu il təqaüdçülər hökumətin və parlament üzvlərinin fəaliyyətini tənqid edən genişmiqyaslı mitinqlər keçirərək bərabər əməkhaqqı və təqaüdçülərlə bağlı qanunların doğru-düzgün icrası kimi tələblərinin yerinə yetirilməsi üçün aksiya keçiriblər.

İranda iqtisadiyyatın pisləşməsi, sürətlə yüksələn inflyasiyaya baxmayaraq, gəlirlərin artmaması vətəndaşların məişət problemlərini ağırlaşdırb.