İranın ali lideri Ayətulla Əli Xameneyi keçən ay gənc qadının polis nəzarətində ölməsindən sonra baş verən genişmiqyası etirazların “adi iranlıların” hərəkətləri olmadığını deyib və ABŞ-la İsraili nümayişləri planlaşdırmaqda ittiham edib.
Artıq üçüncü həftədir davam edən etirazlar polis və təhlükəsizlik qüvvələri tərəfindən yatırılır. Associated Press agentliyinin hökumətin açıqladığı rəqəmlərə istinadən verdiyi məlumata görə, 14 nəfər ölüb, 1500 nəfər həbs edilib. İnsan haqları qrupları isə azı 130 nəfərin öldüyünü və minlərlə insanın həbs edildiyini bildirib.
Xameneyi 22 yaşlı Məhsa Əmininin ölümünün “kədərli bir hadisə” olduğunu və özünün də bu hadisə ilə bağlı dərin kədər hissi keçirdiyini bildirib.
İranın əxlaq polisi ölkənin sərt geyim qaydalarına əməl etmədiyi iddiası ilə Əminini Tehranda həbs edib və o, komaya düşdükdən üç gün sonra xəstəxanada ölüb.
Hökumət onun infarkt nəticəsində öldüyünü bəyan edib. Ailəsi isə bu versiyanı rədd edərək, Əmininin ürək problemi olmadığını və onun döyüldüyünü deyib. Onlar günahkarların məsuliyyətə cəlb olunmasına çağırıblar.
Bazar günü bir neçə ölkədə minlərlə insan İranda Əmininin ölümündən sonra başlayan etirazların zorakılıqla yatırılmasını pisləmək üçün bir araya gəlib.
ABŞ dövlət katibi Antoni Blinken deyib ki, Əmini bu gün yaşamalı idi.
“Onun yaşamamasının yeganə səbəbi qəddar bir rejimin onun nə geyinib geyməyəcəyi ilə bağlı verəcəyi qərarlar səbəbiylə həyatına son qoymasıdır,” Blinken keçən həftə deyib.