İki namizəd - islahatçı və sərtxətt tərəfdarı İran prezident seçkilərindən çəkilib

İslahatçı namizəd və sərtxətt tərəfdarı kampaniyanın son günü İran prezident seçkilərindən çıxıb. Beləliklə, 18 iyun seçkilərində yalnız beş namizəd yarışacaq.

İran mətbuatı islahatçı prezident Məhəmməd Xatəminin rəhbərliyi altında vitse-prezident olmuş 64 yaşlı Möhsen Mehrəlizadənin və sərtxətt tərəfdarı Əlireza Zəkani ilə birlikdə prezidentlik yarışından çəkildiyini bildirib.

Mehrəlizadə ardıcıl iki dövr işləyən Prezident Həsən Ruhaninin yerinə seçkilərdə iştirak etməyə icazə verilən iki islahatçıdan biri idi.

Parlamentin araşdırma mərkəzinə rəhbərlik edən Zəkani Tehranın 2015-ci ildə dünya gücləri ilə imzaladığı nüvə sazişinə açıq şəkildə müxalif olan millət vəkili kimi tanınır.

Zəkani 1990-cı illərin sonlarından etibarən Ayətullah Ruhullah Xomeyni tərəfindən 1979-cu ildə qurulan və güclü İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəsi olan könüllü Bəsic qüvvələrin rəhbəri vəzifəsində çalışıb.

Seçkilərdə İranın ali ruhani lideri Ayətullah Əli Xameneyiyə yaxın olan ultra mühafizəkar məhkəmə rəisi Ebrahim Rəisinin qələbə əldə edəcəyi gözlənilir.

Zəkani iyunun 16-da Rəisini "ən ixtisaslı" hesab etdiyini söyləyərək ona dəstəyini ifadə edib.

İranın dövlət İRNA xəbər agentliyi bildirir ki, Mehrəlizadə geri çəkilişini İran seçkilərini idarə edən İranın Daxili İşlər Nazirliyinə göndərdiyi məktubda verib.

Mehrəlizadənin seçkilərdən çıxması digər islahatçı namizəd, Mərkəzi Bankın 66 yaşlı keçmiş rəhbəri Əbdülnasser Hemmətinin şansını artıracaq.