The Wall Street Journal-ın (WSJ) öz mənbələrinə istinadən yazdığına görə, Rusiya ilə İran Rusiya ordusunun Ukraynaya hücumlarında istifadə etdiyi İran istehsalı pilotsuz uçuş aparatlarına bənzər dronları Rusiya ərazisində istehsal etməyi planlaşdırır.
Nəşrin həmsöhbətlərinin bildirdiyinə görə, İran nümayəndə heyəti yanvarın 5-də Tatarıstanın Yelabuqa şəhərinə gedib. Nümayəndə heyətinin üzvləri orada gələcəkdə zavodun tikintisinin nəzərdə tutulduğu boş sahəyə baş çəkib.
Onların planlarına görə, yeni müəssisədə azı 6 min pilotsuz təyyarə istehsal edilə biləcək. WSJ-nin məlumatına görə, bu ölkələr həmçinin Ukraynanın hava hücumundan müdafiə sistemlərinə daha az həssas olacaq və daha sürətli pilotsuz təyyarələr istehsal etməyi planlaşdırır. İki ölkə arasındakı layihə 1 milyard dollarlıq müqavilənin bir hissəsidir.
İranın nümayəndə heyətinə İslam İnqilabı Keşikçiləri Korpusu aero-kosmik qüvvələrinin rəhbərliyinə daxil olan briqada generalı Abdulla Mehrabi və ABŞ-ın İranın pilotsuz təyyarələrinin istehsalında əsas rol oynadığını təxmin etdiyi "Qüds Aviasiya Sənayesi" şirkətinin idarəedici direktoru Qasem Damavandian başçılıq edib.
The Wall Street Journal qeyd edib ki, Rusiya və İran rəsmiləri qəzetin şərhlə bağlı müraciətlərinə cavab verməyib.
2022-ci ilin dekabrında ABŞ prezidenti Co Baydenin administrasiyası xəbərdarlıq etmişdi ki, Moskva və Tehran Rusiyada birgə pilotsuz uçan aparat istehsalı xətti tikməyi nəzərdən keçirir.
Yanvar ayında ABŞ-ın Ticarət Nazirliyi pilotsuz təyyarələr və onlar üçün hissələrın hazırlanması və istehsalı ilə bağlı İranın 7 şirkətinə ixrac məhdudiyyətləri qoyub. Onların arasında aviasiya sənayesi müəssisələri və İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Hava Qüvvələri də var.
Bundan əvvəl ABŞ-ın Maliyyə Nazirliyi Şahed Aviasiya Sənayesi Araşdırma Mərkəzinə, təyyarə mühərriklərini dizaynı və istehsalı edən "Paravar" və Baharestan Kiş, həmçinin "Success Aviation Services FZC" və "iJet Global DMCC" şirkətlərinə qarşı sanksiyalar tətbiq edib.