İran prezidenti zorakı ekstremizmə görə bəzi ölkələrin kəşfiyyat agentliklərini günahlandırıb

İran prezidenti zorakı ekstremizmə görə bəzi ölkələrin naməlum kəşfiyyat agentliklərini günahlandırıb. Həsən Ruhani problemləri regionun həll etməsinin vacibliyini vurğulayıb.

"Müəyyən kəşfiyyat agentlikləri indi heç kimə acımayan qrupların əlinə ülgüc verib"-deyə İranın dövlət başçısı bildirib.

BMT-nin Baş Assambleyasında çıxış edən Ruhani deyib ki, problem xaricdən deyil, beynəlxalq dəstəklə region daxilində həll edilməlidir.

ABŞ-ın başçılığı ilə Suriyada İŞİD-ə qarşı hərbi əməliyyatlara qarşı çıxan Ruhani hərbi variantın yaraqlıların dayandırılması yolu olmadığını bildirib.

İran prezidenti bundan əlavə Tehran nüvə proqramının inkişafını davam etdirə biləcəyini deyib.

Bu arada, İran diplomatları Nyu-Yorkda Avropa İttifaqının xarici siyasət üzrə nümayəndələri ilə görüşür.

Müzakirələrdə ABŞ dövlət katibi Con Kerri, Avropa İttifaqının xarici siyasət şəbəsinin rəhbəri Ketrin Eşton və İranın xarici işlər naziri Məhəmməd Zərif iştirak edir.