İran rialı rekord səviyyədə dəyər itirib

İranın problemli valyutası bazar ertəsi psixoloji səviyyədən daha aşağı düşərək, bir ABŞ dolları üçün 500 min rial olub. Belə ki, marketlər sanksiyaların hələ də təsiri altındadır.

İran birjalarından canlı məlumat toplayan "Bonbast.com"un bildirdiyinə görə, İran rialı ABŞ dolları qarşısında yeni rekord səviyyəyə, 501,300-ə düşüb.

Təxminən 50%-lik inflyasiya ilə üzləşən iranlılar əmanətləri üçün təhlükəsiz olan dollar, digər sabit valyutalar və ya qızıl alır ki, bu da rialın gələcəkdə daha da aşağı düşməsinə səbəb olacaq.

ABŞ-ın sabiq prezidenti Donald Tramp tərəfindən 2018-ci ildə ABŞ sanksiyalarının bərpası Tehranın neft ixracını və xarici valyutaya çıxışını məhdudlaşdırmaqla İran iqtisadiyyatına böyük ziyan vurub.

Sentyabr ayından bəri İran və dünya qüdrətləri arasında sanksiyaların ləğvi müqabilində Tehranın nüvə proqramını azaltması üçün aparılan danışıqlar dalana dirənib və bu, İran iqtisadiyyatının gələcəyi ilə bağlı gözləntilərə mənfi təsir edib. "Bonbast.com"un məlumatına görə, son altı ayda İran valyutası təxminən 60% dəyər itirib.

Bu arada Mərkəzi Bank valyutaya çıxışı asanlaşdırmaq və rəsmi əməliyyatların həcmini artırmaq üçün yeni valyuta məntəqəsi açdığını bildirib.

"Bu birjada müəyyən edilmiş məzənnə bazar məzənnəsinə çevriləcək" - deyə, bazar ertəsi Mərkəzi Bankın rəhbəri Məhəmməd Rza Fərzin dövlət televiziyasına bildirib.