İran Əmininin atası ilə müsahibə aparan müxbiri yenidən həbs edib

Nazilə Marufian

Fəalların çərşənbə axşamı bildirdiyinə görə, İran hakimiyyəti həbsxanadan çıxdıqdan cəmi iki gün sonra polis nəzarətində olarkən ölümü aylarla etirazlara səbəb olan qadının atasından müsahibə alan jurnalisti yenidən həbs edib.

Nazilə Mərufian bazar günü Tehranın Evin həbsxanasını tərk edərkən İslam respublikasının qadınlar üçün sərt geyim qaydalarına zidd olaraq, sosial şəbəkədə hicabsız şəklini yayımlayıb.

O, "Köləliyi qəbul etmə, sən ən yaxşısına layiqsən!" - deyə, yazıb.

Lakin o, indi yenidən həbs edilib və Tehrandan kənarda, şərtləri hüquq qrupları tərəfindən dəfələrlə tənqid olunan "Qarçaq" qadın həbsxanasına aparılıb. Bu barədə ABŞ-da yerləşən İnsan Haqları Fəalları xəbər agentliyi məlumat yayıb.

Fəalların məlumatlarını toplayan qrup onun yenidən həbs olunduğunu ailəyə yaxın mənbə ilə təsdiqlədiyini deyib.

İrandan kənarda yerləşən fars mediası 23 yaşlı Mərufianın oktyabr ayında "Mostaqel Online" xəbər saytında Əmjad Əmini ilə müsahibəsini dərc edib. O, 22 yaşlı Məhsa Əmininin atasıdır. Onun geyim qaydalarını pozduğu iddiası ilə keçən il sentyabrın 16-da həbsdə ölməsi aylarla etirazlara səbəb olub.

Müsahibəsində Əmjad Əmini İran rəsmilərini qızının ölümü ilə bağlı yalan danışmaqda ittiham edib.

İran rəsmiləri onun səhhətindəki problemə görə öldüyünü bildirsə də, ailəsi və fəallar onun həbsdə olarkən başından zərbə aldığını iddia edir.

Əmininin doğulduğu Kürdüstan vilayətinin Saqız şəhərindən olan, hazırda Tehranda yaşayan jurnalist Mərufian ilk dəfə noyabr ayında həbs edilib.

Daha sonra o, sərbəst buraxılsa da, yanvar ayında sistemin əleyhinə təbliğat aparmaq və yalan xəbərlər yaymaq ittihamı ilə iki il həbs cəzasına məhkum edildiyini, beş il müddətinə isə fəaliyyətinin dayandırıldığını deyib.

Hüquq qruplarının dediyinə görə, Mərufian iyulun əvvəlində yenidən Evin həbsxanasına qaytarılıb.