ABŞ mediasının verdiyi məlumata görə, İran BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini pozaraq, orta mənzilli ballistik raket sınağı keçirib.
Adının açıqlanmamasını istəyən ABŞ rəsmilərinin mediaya verdiyi məlumata görə, raket sınağı noyabrın 21-də keçirilib və raket İran ərazisində hərəkət edib.
Fox xəbər agentliyi kəşfiyyat məlumatlarına əsasən, raket sınağının İranın Pakistanla sərhədinə yaxın liman şəhəri Çabahar yaxınlığında keçirildiyi haqda məlumat verib.
İranın oktyabr ayında uzun mənzilli raket sınağı keçirməsi BMT-nin Təhlükəsizlik Şurası tərəfindən qınanmışdı. Təhlükəsizlk Şurası raket sınağının keçirilməsinə hansı cavabın verilməsi ilə bağlı hələ də müzakirələr aparır.
Əvvəlki raket sınağından sonra Ağ Ev Tehranın "Təhlükəsizlik Şurasının İranın ballistik raket fəaliyyətləri ilə əlaqədar qətnamələrinin pozduğuna dair ciddi işarələrin" olduğunu bildirmişdi.
Bununla belə, Ağ Evin Coş Ernest deyib ki, bu pozuntu halları İran və dünya qüdrətləri arasında əldə edilmiş tarixi nüvə razılaşmasından "tamamilə fərqli"dir.
İyul ayında əldə edilmiş razılığa əsasən, İranın nüvə proqramının məhdudlaşdırılması müqabilində Tehrana qarşı sanksiyların çoxu aradan qaldırılacaq.
BMT bu il İranın səkkiz il ərzində nüvə başlıqları daşıya biləcək ballistik raketlər üzərində işləri dayandırmasına çağıran qətnamə qəbul edib.
BMT Təhlükəsizlik Şurasının 2010-cui ildə qəbul etdiyi qətnaməyə əsasən də İranın ballistik raket sınaqları keçirməsi qadağan edilib.