2015-ci ildə əldə edilmiş nüvə sazişini xilas etmək üçün Avstriyada ABŞ-la İran arasında dolayı danışıqların aparıldığı bir vaxt, İran Müdafiə Nazirliyinin sözçüsü cümə axşamı İranın üç tədqiqat cihazını daşıyan raketini kosmosa göndərdiyini bildirib. Lakin sözçü cihazların orbitə çatıb-çatmadığına aydınlıq gətirməyib.
Yaxın Şərqdə ən böyük raket proqramlarından birinə sahib olan İran son bir neçə ildir texniki problemlər səbəbindən kosmosa peyk buraxılışında uğursuzluqlarla üzləşib.
Sözçüsü Əhməd Hüseyni “Simurq” adlı daşıyıcı raketin üç tədqiqat aparatını 470 kilometr yüksəklikdə havaya buraxdığını bildirsə də, əlavə məlumat verməyib.
"Bununla nəzərdə tutulan tədqiqatın məqsədlərinə nail olundu. Bu, ilkin buraxılış kimi həyata keçirilib. İnşallah, tezliklə əməliyyata başlayacağıq” - deyə, Hüseyni dövlət televiziyasında yayımlanan çıxışı zamanı bildirib.
İran dövlət televiziyası raket daşıyıcısının atəş püskürdüyü görüntüləri nümayiş etdirib.
Cümə axşamı kosmosa buraxılış xəbəri Tehran və Vaşinqtonun Vyanada İranın dünya qüdrətləri ilə əldə etdiyi və prezident Donald Trampın 2018-ci ildə tərk etdiyi nüvə razılaşmasını xilas etmək üçün danışıqların dolayı yolla aparıldığı vaxta təsadüf edir.
Birləşmiş Ştatlar 2019-cu ildə İranın mülki kosmik agentliyinə və iki tədqiqat təşkilatına qarşı sanksiyalar tətbiq edərək, onlardan Tehranın ballistik raket proqramını inkişaf etdirmək üçün istifadə edildiyini iddia edib.
Tehran bu cür fəaliyyətin ballistik raketlərin inkişafı üçün pərdə olduğunu inkar edir.
İran Omid (Ümid) adlı ilk peykini fəzaya 2009-cu ildə, Rəsad (Müşahidə) adlı peykini 2011-ci ilin iyununda göndərib. Tehran 2012-ci ildə üçüncü yerli istehsalı olunan "Navid" (Vəd) peykinin orbitə uğurla çıxardığını bildirmişdi.
Əvvəlki aylarda təkrar uğursuz buraxılış cəhdlərindən sonra isə İran 2020-ci ilin aprelində ölkənin ilk hərbi peykini fəzaya uğurla çıxardığını bəyan etmişdi.