İran prezidenti ABŞ sanksiyaları ilə üzləşən Nikaraquaya səfər edib

İran prezidenti İbrahim Rəisi və Nikaraqua prezidenti Daniel Orteqa

Latın Amerikasına ilk səfərini edən İranın sərtxətt tərəfdarı prezidenti çərşənbə axşamı nikaraqualı həmkarı ilə görüşüb. Danışıqlar zamanı hər iki lider ABŞ sanksiyalarına qarşı çıxıb.

Prezident İbrahim Rəisinin Venesueladan sonra ikinci dayanacağı Nikaraqua olub. Onun İranın regiondakı digər müttəfiqi Kubaya da səfəri planlaşdırılır.

Rəisi Manaquada Nikaraqua prezidenti Daniel Orteqa ilə birgə çıxış edib.

O, "Birləşmiş Ştatlar təhdid və sanksiyalarla xalqımızı iflic vəziyyətə salmaq istəyirdi, lakin buna nail ola bilmədi" deyib.

Orteqa hökumətinin bir çox yüksək vəzifəli şəxsləri də müxalifləri əzmək, həbs etmək və ya sürgün etmək ittihamları ilə ABŞ sanksiyaları ilə üzləşib.

Bazar ertəsi Rəisi ABŞ-ın iqtisadi sanksiyaları altında olan Venesuela prezidenti Nikolas Maduro ilə də görüşüb.

Onun Latın Amerikasındakı müttəfiq ölkələrə səfəri prezident Co Bayden administrasiyası ilə gərginliyin artması fonunda baş verir.

ABŞ İranı Moskvanın şərqində pilotsuz təyyarələr istehsalı zavodunun tikintisi üçün Rusiyanı materiallarla təmin etməkdə ittiham edib. Kreml Ukraynaya müdaxiləsi üçün davamlı silah əldə etməyə çalışır.

ABŞ kəşfiyyat rəsmiləri Rusiyadakı zavodun gələn ilin əvvəlində fəaliyyətə başlaya biləcəyini düşünur. İran isə Rusiyaya pilotsuz təyyarələr müharibə başlamazdan əvvəl verdiyini bildirib.