İranda qətl törətməkdə təqsirli bilinən şəxs ictimaiyyət qarşısında edam edilib

İranın ədliyyə orqanlarının rəsmi xəbər agentliyi vəkili güllələyərək öldürməkdə təqsirli bilinən şəxsin bazar ertəsi İranın mərkəzi bölgəsində ictimaiyyət qarşısında asıldığını bildirib.

Mizan xəbər agentliyinin verdiyi məlumata görə, şəxsiyyəti açıqlanmayan şəxs vəkili 2021-ci ilin avqust ayında şimaldakı Semnan vilayətinin Şahrud şəhərində həyat yoldaşı və oğlunun gözü qarşısında ov tüfəngi ilə öldürməkdə təqsirli bilinib.

İranın rəsmi İRNA xəbər agentliyi həmin şəxsin 20 yaşında olduğunu və bir dəstə tərəfindən ona vəkili öldürmək tapşırığı verildiyini etiraf etdiyi haqda məlumat verib. Əlavə məlumat verilməyib.

İRNA xəbər verib ki, edam bazar ertəsi İslamda şəriət qanunlarında "qisas" qanununa uyğun olaraq həyata keçirilib.

Osloda yerləşən və ölkədəki edamları izləyən İran İnsan Haqları Qrupunun bildirdiyinə görə, bu, İranda bu il ictimaiyyət qarşısında ilk edam olub. Qrupun direktoru Mahmud Əmiri Moqəddam beynəlxalq ictimaiyyəti bu cür açıq edamları pisləməyə çağırıb.

İran İnsan Haqları Qrupu İranda əsasən narkotik qaçaqmalçılığı cinayətinə görə həbsxanalarda asılmaqla edamların icra edildiyini bildirib. Qrup bildirib ki, ölkədə 2022-ci ildə 500 məhkum edam edilib.

2022-ci ildə İranda ölkənin teokratiyaya qarşı ümummilli etirazlar zamanı hərbiləşdirilmiş qüvvələrin iki üzvünü bıçaqla öldürməkdə təqsirli bilinən bir şəxs ictimaiyyət qarşısında asılıb.

Amnesty İnternational da daxil olmaqla, insan haqları qruplarının bildirdiyinə görə, Çin istisna olmaqla, İranda hər il digər ölkələrdən daha çox insan edam edilir.