Nobel Sülh Mükafatı laureatı Şirin Ebadi İranı silkələyən və aylardır davam edən hakimiyyət əleyhinə etirazları “xalqın inqilabı” adlandırıb.
Noyabrın 17-də AzadlıqRadiosunun Gürcüstan xidmətinə müsahibəsində Ebadi deyib ki, ümummilli nümayişlər iranlıların “İslam respublikasını istəmədiyini” göstərir.
Mühacirətdə yaşayan Ebadi “İran xalqı demokratik və dünyəvi hökumət istəyir” deyib. “Yalnız demokratik və dünyəvi hökumət “Qadınlar, həyat, azadlıq” [etiraz] şüarını reallığa çevirə bilər” – deyə, o qeyd edib.
Sentyabr ayında etirazlar 22 yaşlı qadın Məhsa Əmini ölkənin hicab qanununu pozduğu iddiası ilə İranın əxlaq polisi tərəfindən həbs edildikdən qısa müddət sonra vəfat etdikdən sonra başlayıb.
Məcburi baş örtüyü qanununun qəddar icrasına qarşı etirazlar kimi başlayan nümayişlər 1979-cu ildə İslam İnqilabından bəri hakimiyyətdə olan İranın dini quruluşu üçün ən böyük təhlükələrdən birinə çevrilib.
İnsan haqları qruplarının bildirdiyinə görə, hakimiyyət etirazlara onlarla uşaq da daxil olmaqla, azı 342 insanın ölümünə səbəb olan vəhşi repressiyayla cavab verib.
Təxminən 14,000 nəfər də həbs edilib və hüquq qrupları hakimiyyətin ən azı 21 nəfərə ölüm cəzasını istədiyini bildirir.
İranda insan haqları sahəsində göstərdiyi səylərə görə 2003-cü ildə Nobel Sülh Mükafatına layiq görülmüş keçmiş hüquqşünas və hakim Ebadi, "Təəssüf ki, bu hökumət heç vaxt xalqın səsini dinləməyib və heç vaxt gözünü açmayıb" ifadələrini işlədib.
"Bu hökumət insanlardan çox qorxmağa başlayıb. Sakitliyi bərpa etmək ümidi ilə etirazları yatırmağı gücləndirib. Lakin [vəziyyət] gündən-günə pisləşir".
75 yaşlı Ebadi deyib ki, hökumətin etirazları yatırmaq üçün kobud güc tətbiq etməsinə baxmayaraq, "küçələrə çıxan etirazçıların sayı hər gün artır".
Nümayişlər tələbələr, məşhurlar, idmançılar, sənətçilər və fəallar da daxil olmaqla, İran cəmiyyətinin bütün tərəflərindən dəstək toplayıb.
İran rəsmiləri etirazları ABŞ və İsrail də daxil olmaqla rəqibləri tərəfindən hazırlanmış "sui-qəsd" adlandırıb.