İranda bir rəssam qanlı zorakılıqları əks etdirmək üçün fəvvarələri qırmızı rəngə boyayıb

Məhsa Əminin həbsdə ölümü ilə başlayan etirazların davam etdiyi zaman, cümə günü bir sənətçi ölümcül basqıları əks etdirmək üçün Tehrandakı fəvvarələrin sularını qırmızı, qan rənginə boyayıb.

Sentyabrın 16-da Tehranda İslam Respublikasında qadınlar üçün ciddi geyim qaydalarına əməl etmədiyi iddiası ilə həbs edilən 22 yaşlı kürd qadının ölümünün elan edilməsindən sonra İranda iğtişaşlar dalğası baş qaldırıb.

Onun ölümünə görə artan qəzəb İranda demək olar ki, üç il ərzində ən böyük etiraz dalğasına, onlarla etirazçının öldürülməsinə və yüzlərlə insanın həbsinə səbəb olub.

AFP xəbər agentliyinin təsdiq etdiyi onlayn videolara görə, təhlükəsizlik qüvvələrinin etirazçıları dağıtmaq üçün öldürücü güc tətbiq etməsinə baxmayaraq, etirazlar ardıcıl 20 gündür gecə və gündüz davam edir.

Qan rəngli qırmızı fəvvarələrin görüntüləri İslam Respublikasında qanun pozuntularını izləyən sosial media kanalı 1500tasvir tərəfindən paylaşılıb.

Həmin görüntülərdə əks olunan fəvvarələr Tehranın mərkəzində - Tələbə parkında, Fatemi meydanında və Rəssamlar parkındadır.

Twitter hesabından istifadə edən fəallar qırmızı fəvvarələri “Qan içindəki Tehran” adı ilə “sənət əsərləri” kimi qiymətləndirərək, onların anonim bir rəssam tərəfindən yaradıldığını bildirib.

BBC-nin Fars xidməti Instagramda yayımladığı şəkillərdə fəvvarələrdə hələ də qırmızı izlərin görünməsinə baxmayaraq, suyun boşaldıldığını bildirib.

Osloda yerləşən İran İnsan Hüquqları qrupunun bildirdiyinə görə, repressiyalar zamanı indiyədək azı 92 etirazçı öldürülüb və Instaram və WhatsApp-a blokamalar da daxil olmaqla, internetdə geniş məhdudiyyətlər tətbiq olunur.

İranın təhlükəsizlik qüvvələri fəallar, jurnalistlər və pop ulduzlar da daxil olmaqla, hərəkatın tanınmış tərəfdarlarını həbs edib.

Beynəlxalq Amnesty International təşkilatı İranın təhlükəsizlik qüvvələri tərəfindən 52 nəfərin öldürüldüyünü təsdiqləsə də, "ölənlərin sayının daha çox olduğuna" inandığını bildirib.