İranda təqaüdçülər etirazlarını davam etdirir

İranda son günlər təqaüdçülər və keçmiş hökümət işçilərinin etirazları davam etməkdədir. Etirazlara səbəb pisləşən həyat şəraitinə hökümətin diqqət yetirməməsidir.

Sosial mediada yayılan videolarda təqaüdçülərin ən azı dörd şəhərdə- Əhvaz, Kirmanşah, Ərak və Rəştdə toplaşaraq prezident İbrahim Rəisi hökumətinə qarşı şüarlar səsləndiriyi görünür.

Son etiraz dalğasına əsas səbəb isə hökümətin 6 iyun tarixində təqaüdçülərin aylıq ödənişlərini 10 faiz qaldırması ilə əlaqədardır. Bundan əvvəl hökümət ödənişləri 38 faiz qaldıracağını elan etmişdi. Bu isə ölkədə təxminən 5,15 milyon insanın qəzəbinə səbəb olub.

Artımın qüvvəyə minməsinə dair qanunvericilik parlament tərəfindən rədd edilib. Bu da artımın aşağı düşməsinə səbəb olub. Pensiyaçılar isə inflyasiyanın hazırda 45 faizdən çox olduğunu nəzərə alaraq, artımın olduqca az olduğunu deyir.

Son həftələr İranda cəmiyyətin geniş təbəqələrini əhatə edən etirazlar səngimək bilmir. May ayında müəllimlərin etirazlarından sonra ölkədə mitinqlərə qarşı polis basqısı geniş vüsət alıb.

İran Müəllimlər Birliyinin Koordinasiya Şurası iyunun 26-da elan edib ki, may ayındakı etirazlardan indiyə qədər 230 müəllim və həmkarlar ittifaqı fəalı saxlanılıb və ya həbs edilib.

Şura, həmçinin bildirib ki, son iki həftə ərzində həbs olunmuş üç müəllimin taleyi ilə bağlı məlumat ala bilmirlər.

ABŞ-ın İranın nüvə proqramı ilə əlaqədar tətbiq etdiyi güclü sanksiyalar ölkə iqtisadiyyatına zərbə vurmaqdadır. Üstəlik son illər qlobal COVID-19 pandemiyası da onsuz da zəif olan İran iqtisadiyyatına daha böyük təziq göstərir.