Azərbaycanlı millət vəkili: “Dövlət Urmiyə gölü üçün bir rial da xərcləməyib”

Kəmaləddin Pirmüəzzin

Ərdəbil şəhərinin İran parlamentindəki deputatı Kəmaləddin Pirmüəzzinin sözlərinə görə, ötən il (Günəş ili) qurumaqda olan Urmiyə Gölünü qorumaq üçün İran dövləti bir rial belə pul xərcləməyib.

“1391-ci günəş ilində (Mart 2012 – Mart 2013) ölkədə ekologiyanı qorumaq üçün müəyyənləşən büdcə əlaqədar orqanlara çatdırılmayıb. Misal üçün, dövlət verdiyi sözlərə baxmayaraq, Urmiyə gölü üçün icra orqanlarına tək rial belə ödəməyib,” - deyə İran Məclisi Ekologiya Komitəsinin üzvü olan azərbaycanlı millət vəkili İslami İşçi Partiyasına bağlı veb səhifə ilə müsahibədə qeyd edib.

2011-ci ilin sentyabrında Urmiyə və Təbriz kimi şəhərlərdə Urmiyə gölü ilə bağlı kütləvi etirazların baş verdiyi zaman İran dövləti ekoloji fəlakətin qarşısının alınması üçün 900 milyon dollar vəsait ayrıldığını bildirmişdi.

“Kəmaləddin Pirmüəzzinin sözləri bir daha sübut etdi ki, dövlətin kütləvi etirazlar zamanı verdiyi vədlər heç zaman gerçək olmayıb. Onlar sadəcə etirazları yatırmaq istəyiblər,” - deyə Azərbaycan veb səhifələri yazıblar.