Dövlət televiziyasının cümə axşamı açıqladığ məlumata görə, İranda parlament seçkiləri öncəsi bir həftədir keçirilən kampaniyada 290 yer uğrunda 7 mindən çox insanın namizədliyi etibarsız sayılıb.
Fevralın 21-nə təyin edilən seçkilər daha çox sərt-xətt tərəfdarları və mühafizəkarlar arasında keçiriləcək, Belə ki, islahat tərəfdarları və mötədil namizədlər diskvalifikasiya edilib.
Bu seçkilər həm də ABŞ-ın tətbiq etdiyi iqtisadi sanksiyalar şəraitində insanların həyatını yaxşılaşdıracağına dair vədlərini yerinə yetirməyə çalışan, nisbətən mötədil prezident Həsən Ruhaninin populyarlığının sınağı olacaq.
Lakin ekspertlər İranın tənəzzüldəki iqtisadiyyatı ilə bağlı ictimai narazılığın artmasına, eləcə də şəffaf və ədalətli seçki prosesinin olmamasına görə seçici fəallığının az olacağını deyirlər.
Həsən Ruhani namizədliyini irəli sürən minlərlə insanı, o cümlədən 90 hazırkı millət vəkilini diskvalifikasiya edən sərt-xətt tərəfdarı Keşikçilər Şurasını tənqid edib.
İran prezidenti İslam İnqilabının 41-ci ildönümünə həsr olunmuş nitqi zamanı şikayət və tənqidlərə baxmayaraq, iranlıları seçkilərdə fəallığa çağırıb.
İranın ali dini rəhbəri Ayətulla Əli Xameneyi də öz növbəsində Birləşmiş Ştatlarla münasibətlərin gərgin olduğu bir vaxt seçkilər zamanı xalqın vətəntənpərvərlik hissi nümayiş etdirməli olduğunu deyib.