İran çərşənbə axşamı günü Pakistanla birlikdə Pakistanda mənzillənən militantlar tərəfindən İran ərazisində iki intiharçı terror hücumu cəhdinin qarşısının alındığını açıqlayıb.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu açıqlamaları İslamabada rəsmi səfəri əsnasında verib. O, hücumların bazar ertəsi günü üçün planlaşdırıldığını deyib.
Tehran uzun zamandır İran əleyhdarı sünni ekstremistlərin Pakistan sərhədindəki Bəlucistan vilayətində gizləndikləri yerlərdən İrana qarşı terror aksiyalarını planlaşdırdığını iddia edir.
Ədalət ordusu (Ceyş Əl-Adl) adlı qrup İran ərazisində son zamanlar baş verən hücumların çoxuna görə məsuliyyəti öz üzərinə götürüb.
“Keçən gecə, təəssüflə qeyd edilməlidir ki, Pakistan ərazisindən İrana yönəlmiş iki intiharçı bomba hücumuna cəhd göstərilib. Bunların hər ikisinin qarşısı alınıb və Pakistanın silahlı qüvvələri ilə hücumların qarşısının alınması üçün yüksək səviyyədə əməkdaşlıq aparılıb”, Zarif Pakistanın özəl Geo News tele-kanalına bildirib.
O, hücumların detalları ilə bağlı açıqlama verməyib.
Pakistanın 270 milyonluq əhalisinin 20 faizini şiə müsəlmanlar təşkil edir.
İki ölkə arasında dərin mədəni, iqtisadi və dini əsaslara malik münasibətlərdə son illər xüsusilə də İranın Pakistanla sərhəddəki yoxsul Sistan-Bəlucistan vilayətində sərhəd boyu hücumların artması ilə gərginliyin yarandığı müşahidə edilir.
İranın əsas etibarilə sünni müsəlmanların yaşadığı cənub-şərq bölgəsində narkotik qaçaqmalçılığı ilə məşğul olan bandalar məskunlaşıb.
Keçən il militantlar İranın 10 sərhəd mühafizəçisini pusquya salaraq qətlə yetirib və xəbər verildiyi kimi, başqalarını Pakistanın Bəlucistan vilayətində gizləndikləri yerlərə aparıb.
İnsident ikitərəfli münasibətlərdə gərginliyin yaranmasına səbəb olmuş, İran rəsmiləri girovların azad edilməsi üçün sərhədi keçərək, əməliyyat keçirəcəkləri və İslamabadın bunu etməyi təqdirdə hücumçuları cəzalandıracağı ilə hədələmişdi.
Zərif bundan sonra Pakistanla yüksək səviyyədə əməkdaşlıq aparıldığını və bazar ertəsi insidentin buna işarə olduğunu bildirib.
İran və Pakistan arasında sərhədin uzunluğu 900 kilometrdən çoxdur. Hər iki ölkə son zamanlar sərhəd bölgələrində təhlükəsizliyi gücləndirib.