Xarici işlər nazirləri İranın nüvə proqramına dair yekun razılığın əldə olunmasına çalışır

İran və dünyanın altı qüdrətli dövlətinin xarici işlər nazirləri Vyanada toplaşaraq İranın nüvə proqramına dair yekun razılaşmanı müzakirə edir. Razılaşmanın əldə olunması üçün qoyulmuş son möhlət iyulun 7-si başa çatır.

Diplomatlar danışıqlarda inkişaf əldə edildiyini bildirsələr də, sanksiyaların yünğülləşdirilməsi müqabilində İranın nüvə proqramının məhdudlaşdırılması üçün həllini tapmamış əsas məsələlər yekunlaşdırılmalıdır.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif jurnalistlərə fikir ayrılılqlarının qaldığını və tərəflərin razılaşmanın əldə olunmasına çalışdığı deyib.

ABŞ Dövlət katibi Con Kerri deyib ki, Cavad Zəriflə razılışmanın əldə olunmasına heç vaxt bu qədər yaxın olmadıqları fikri ilə razılaşsa da, həll olmamış məsələlər var.

Razılaşmanın əldə olunması üçün bundan əvvəl qoyulmuş son möhlət iyunun 30-u bitəndən sonra tərəflər danışıqların uzadılması haqda razılıq əldə edib. Son möhlət iyulun 7-nə təyin olunsa da, İranın yarı-rəsmi Tasnim xəbər agentliyi İranın rəsmi nümayəndəsinə istinadən danışıqların çərşənbə gününün sonu və ya cümə axşamı səhərə qədər uzadıla biləcəyini bildirib.

Yekun razılıq əldə edilsə, ABŞ Konqresində sənədin nəzərdən keçirilməsi üçün lazım olan 30 günlük müddət məhdudlaşdırıla bilər. Bundan sonra qanunvericilər 60 gün ərzində razılaşmanı nəzərdən keçirib, Konqres tərəfindən qoyulmuş sanksiyaların aradan qaldırılmasının lehinə və ya əleyhinə səs verməlidir.