İranın nüvə proqramına dair danışıqlar başa çatdı

Növbəti görüş Cenevrədə noyabr ayının 7 və 8-i təşkil ediləcək
İran və altı ölkənin diplomatları nüvə proqramına dair on ildir davam edən problemin həlli üçün təklifləri müzakirə edib.

Avropa İrrifaqının Xarici Əlaqələr Şöbəsinin rəhbəri Katrin Eşton danışıqları əhəmiyyətli və perspektivli adlandıraraq, növbəti görüşün Cenevrədə noyabr ayının 7 və 8-də təşkil ediləcəyini deyib. O, İranın təkliflərinin diqqətlə nəzərdən keçiriləcəyini bildirib.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif danışıqları nailiyyətli adlandıraraq, münasibətlərin yeni fazaya daxil olacağına ümid bəslədiyini dilə gətirib.

Dünən də tərəflər Cenevrədə keçirilən danışıqların birinci gününü yüksək qiymətləndirib. Müzakirənin birinci günü İranın xarici işlər naziri beynəlxalq ictimayyətə İranın nüvə proqramının dinc mahiyyət daşıdığını sübut etmək üçün hazırlanmış yeni planın texniki aspektlərini açıqlayıb.

İyun ayında Həsən Ruhani İranın prezidenti seçildikdən sonra ilk dəfə keçirilən Cenevrə görüşündə illərdən sonra İranın nüvə ambisiyalarında yumşalma müşahidə edilib.

ABŞ, Rusiya, Çin, Fransa, Britaniya və Almaniya istəyir ki, İran nüvə silahı istehsal etmədiyini sübut etsin. Tehran isə uran zənginləşdirdiyinə görə İrana qarşı tətbiq edilən beynəlxalq sanksiyalardan yaxa qurtarmağa çalışır.