İran qanunvericisi: Fərdo nüvə obyekti bağlanmayacaq

İranın parlamentinin üzvü Ələddin Burucerdi Qərbin sanksiyalarının yüngülləşdirilməsi müqabilində Fərdo nüvə obyektinin bağlanmayacağını bildirib.

İranın yarı-rəsmi İSNA xəbər agentliyinin verdiyi məlumata görə, parlamentin milli təhlükəsizlik və xarici siyasət komitəsinin nüfuzlu sədri deyib ki, Fərdo mərkəzi heç vaxt bağlanmayacaq.

Tehrandan cənub-qərbdə yerləşən Fərdo nüvə obyektində 20 faizə qədər zənginləşdirilmiş uran istehsal edilir. Bu isə sonradan silah istehsalında işlədilə bilər.

Burucerdinin sözlərinə görə, Qərbin uzun müddətdir tələb etdiyi kimi mərkəzin bağlanması İranın düşməni olan İsrailə dəstək vermək deməkdir.

Ələddin Burucerdi bu açıqlamanı İran və Qərb ölkələri arasında nüvə proqramı ətrafında danışıqların yeni raundundan 10 gün əvvəl verib. Tərəflər arasında danışıqlar may ayından bəri dayandırılıb.

Qərb İranı nüvə silahı proqramı üzərində işləməkdə ittiham edir, İran isə bu iddiaları rədd edir.