İran keçən ay nüvə obyektində elektrikin kəsildiyini bildirib

İran “terrorçular və təhrikçilər”in törətdiyi partlayışlar nəticəsində keçən ay yeraltı Fordo obyektində elektrik işığının kəsildiyini bildirir.

İranın Atom Enerjisi agentliyinin başçısı Feridun Abbasi-Divani bu açıqlamanı bazar ertəsi Vyanada BMT-nin nüvə agentliyinin üzvlərinin iclasında verib. İran rəsmisi hadisəyə görə məsuliyyət daşıyanların kim olduğu haqda bir söz deməyib.

İran bundan öncə Birləşmiş Ştatlar və İsraili nüvə proqramı və alimləri hədəf almaqda ittiham etmişdi.

İran bu açıqlamaları Avropa İttifaqının xarici siyasət idarəsinin başçısı Ketrin Eştonun çərşənbə axşamı İstanbulda İranın baş nüvə vasitəçisi Səid Cəlili ilə görüşəcəyini elan etməsindən sonra verib. Ketrin Eşton görüşün İranın nüvə proqramı ətrafında yaranımış vəziyyətin həlli istiqamətində səylərin davamı olduğunu bildirib.

Dünya qüdrətləri və İran arasında Moskvada iyun ayında keçirilən görüşdə inkişaf nail olunmasa da, Almaniya kansleri Angela Merkel bazar ertəsi siyasi həllin hələ də mümkün olduğunu bəyan edib.