İranın insan haqları üzrə tanınmış vəkili Nəsrin Sotudə həbsdən azad edilib

Nəsrin Sutudə

İranın insan haqları üzrə tanınmış vəkili Nəsrin Sotudə iki həftədən çox həbsdə qaldıqdan sonra müvəqqəti olaraq azadlığa buraxılıb. Bu barədə məlumatı onun həyat yoldaşı sosial şəbəkədəki paylaşımında verib.

Noyabrın 15-də əvvəllər Twitter kimi tanınan X səhifəsində Reza Xəndan Sotudənin sərbəst buraxılması anını əks etdirən fotoşəkil yerləşdirib. Həmin fotoda o, baş örtüksüz olub.

Sotudə oktyabrın 29-da baş örtüyü qaydasını pozduğuna görə Tehran metrosunda İranın əxlaq polisi ilə qarşıdurmada aldığı xəsarətlərdən dünyasını dəyişən 17 yaşlı Armita Qaravəndin dəfn mərasimi zamanı həbs edilib.

Sotudə ilə yanaşı 2020-ci ilin yanvarında İran İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən Ukrayna təyyarəsinin vurulması ilə bağlı ədaləti müdafiə edən Mənzər Zərabi də daxil olmaqla, bir neçə nəfər həbs edilib. Məlumatlara görə, Zərabi oktyabrın 30-da azad edilib.

Sotudə İslam Respublikası tərəfindən həbs edilən çox sayda fəalın müdafiəçisi olub. Onun 2010-cu ildən bəri bir neçə həbsi ilə yadda qalan karyerası İranda insan haqları müdafiəçilərinin üzləşdiyi çətinlikləri vurğulayır.

Fərda Radiosu-nun noyabrın 6-da bildirdiyinə görə, o, həbs edildikdən sonra ona qarşı "milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşmaq və sövdələşmə, hökumət əleyhinə təbliğat, ictimai asayişi pozmaq və polis əmrlərinə tabe olmamaq" iddiaları da daxil olmaqla, ümumilikdə dörd ittihamdan ibarət işin açılması ilə yeni hüquqi mübarizə ilə üzləşib".

Hicab və ya İslami baş örtüyü İran İslam İnqilabından iki il sonra, 1981-ci ildə 9 yaşdan yuxarı qadınlar və qızlar üçün məcburi olub. Bu addım yeni hakimiyyət tərəfindən yatırılan etirazlara səbəb olub.

Bir çoxlarının dövlət tərəfindən təzyiqlərə məruz qalmalarına və ölkəni tərk etməyə məcbur olmalarına baxmayaraq, qadınlar ayrı-seçkilik qanununa qarşı kampaniyalara başlayıb.