İranın Qərbi Azərbaycan mədənlərindən ildə 947,000 ton qızıl mineralı çıxarılır

Vilayət rəsmilərinin açıqladığı statistikalara görə, Qərbi Azərbaycan vilayətində 476 mədəndə 1,217 milyard ton mineral ehtiyatları mövcüddur.

İran Azərbaycanının bu vilayətində illik hasilat gücü 16 milyon tondan çox olduğu bildirilsə də, vali bu ehtiyatlardan vilayətə sadəcə statistikalarla qürur duymaq nəsib olduğunu deyir.

Qərbi Azərbaycan vilayətinin Sənaye və Mədənlər İdarəsinin sədri Rza Babayi bu vilayətin ölkənin 31 vilayəti arasında mədən müxtəlifliyi baxımından 3-cü yerdə olduğunu bildirib. Babayi Qərbi Azərbaycan vilayətini İranda mədənlər baxımından ən önəmli vilayətlər arasında olduğunu, ölkədə isə 68 növ mədəndən 51-nin Qərbi Azərbaycanda mövcüd olduğunu bəyan edib.

Babayinin İran mətbuatına verdiyi məlumatına görə, Qərbi Azərbaycanda aktiv şəkildə fəaliyyət göstərən 468 mədəndə 5,000 nəfər işləməkdədir, vilayətdə aktiv olan mədənlərdən 3 qızıl mədənindən ildə 947,000 ton qızıl mineralı və 535,000 ton dekorativ daş istehsal olunur. Ayrıca qızıl mədənlərindən illik 600 kiloqram gümüş və 3,000 kiloqram civə istehsal edilir.

Qərbi Azərbaycan vilayətinin Sənaye və Mədənlər İdarəsinin direktor yardımçısı Pərisa Abidpur İran dövlət teleradiosuna danışıqda Yaxın Şərqin ən böyük qızıl mədənlərindən olan Zərəşuran mədəninin 1.2 ilə 4 qram dərəcəsində 27.5 milyon ton qızıl rezervasiyası olduğunu açıqlayıb. O, həmçinin vilayətdə 20 milyon ton dekorativ daş rezervasiyasının olduğunu, ancaq bu vilayətin mədən bölümündə yüksək potensiallarına baxmayaraq, lazimi emal zavodlarının tikilmədiyindən təəssüfünü bildirib.

Makı, Salmas, Sayınqala və Tikan təpə (Tekab) şəhərlərində yeni qızıl sahələrinin təsbit edildiyini bildirən Abidpur bu mədənlərin fəaliyyətə başlaması ilə Qərbi Azərbaycan vilayətinin dünya qızıl istehsalı sıralamasında yüksək yerdə duracağını ifadə edib.

İran İslam Respublikasının rəsmi teleradio saytı IRIB News vilayətdə qızıl mədənlərinin çox olduğu üçün vilayətin ölkədə qızıl vilayəti kimi tanındığını yazıb.

Qərbi Azərbaycan valisinin İqtisadi İşlər üzrə müavini Rza Hüseyni Tasnim News xəbər agentliyinə vilayətin mədənlərinin resurslarını xam olaraq satılması və beləliklə əldə edilən gəlirin az olmasını, vilayətin bu yüksək potensiyasının son illərdə nəzərə alınmadığını və nəticədə vilayətdə bir çox gəncin işsizlik probleminin həll olunmadığını tənqid edib.